Əli Kərimlinin daha bir mühafizəçisinin həbs edildiyi bildirilir

Kənan İsmayıl – Foto: Facebook şəxsi səhifəsindən

Onun inzibatı qaydada 30 sutka həbs edildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin daha bir mühafizəçisi Kənan İsmayılın inzibatı qaydada 30 sutka həbs edildiyi bildirilir.

AXCP üzvlərinin sosial şəbəkə üzərindən paylaşımlarında qeyd olunub ki, Kənan İsmayıl “xırda xuliqanlıq”da günahlandırılıb.

AXCP mayın 5-i günorta saatlarından Kənan İsmayıl ilə əlaqənin kəsildiyini açıqlamışdı.

Partiya onun saxlandığını ehtimal edirdi.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Son bir ay ərzində Əli Kərimlinin mühafizəçisi Kənan Basqal, sürücüsü Zaur Rzalı və digər mühafizəçisi Elnur Quliyev də həbs olunub.

Müxalifətdə olan AXCP-nin hazırda ondan çox üzvü həbsdədir.

Üzvlər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Onlardan ikisi Əli Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov “terroru maliyyələşdirmə” və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.

Əli Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub.

Onlar da ittihamları qəbul etmirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 357 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Ana səhifəSiyasətƏli Kərimlinin daha bir mühafizəçisinin həbs edildiyi bildirilir