AXCP sədri mühafizəçisinə qarşı irəli sürülən “dələduzluq” ittihamını “qurama, həyasız, məqsədli üzədurma” adlandırıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ictimai əsaslarla mühafizəçisi işləmiş Novruz Tağıyevin polis tərəfindən saxlanıldığı gün 13 saat işgəncəyə məruz qaldığını bildirib.
Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, Novruz Tağıyev mayın 20-də uşağını məktəbdən götürən zaman 4 nəfər mülki geyimli polis tərəfindən saxlanılıb və avtomobildə 9 saat, qolları qandallı vəziyyətdə Bakı ərazisində gəzdirilib.
Novruz Tağıyevin vəkili Nemət Kərimli bildirib ki, həmin gün axşam saat 20:00 radələrində müvəkkili Yasamal Rayon Polis İdarəsinə aparılıb və burada onu gecə saat 12-yə qədər saxlayıblar.
Vəkilin dediyinə görə, ev alqı-satqısı işlərində vasitəçi kimi işləyən Tağıyevdən Nicat adlı bir şəxs şikayət edib:
“Novruz Nicata ev tapmaqda kömək edib və ondan 1000 manat beh qəbul edib, onun da bir hissəsini ev sahibinə verib. Sonra bir gün Nicat qaynı kimi təqdim etdiyi şəxslə birlikdə Novruzun işlədiyi ofisə gəlib, ona ətir və bir bağlama pul vermək istəyib. Novruz pulu qəbul etməyib, ətir də stolun üstündə qalıb. Polis də deyir ki, Nicat 71000 manat pulunun dələduzluqla oğurlanması haqda polisə şikayət edib”.
Nemət Kərimli bildirib ki, məsələ ilə əlaqədar apelyasiya şikayəti verilib.
Əli Kərimli mühafizəçisinə qarşı ittihamı “qurama, həyasız, məqsədli üzədurma” adlandırıb.
Mayın 20-də AXCP-nin iki üzvünün – Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyev və Xətai rayon şöbəsinin üzvü Rəşad Əliyevin yoxa çıxması barədə məlumatlar yayıldı.
Ardınca məlum olub ki, Novruz Tağıyevlə bağlı 178.2 (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə cinayət işı açılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilərək Kürdəxanı İstintaq Təcridxanasına aparılıb.
Rəşad Əliyevə isə məhkəmənin qərarı ilə 25 sutka inzibati həbs verilib. Onun konkret nədə təqsirləndirildiyi açıqlanmayıb.
AXCP-nin hazırda 20 üzvü həbsdədir.
Üzvlər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.