Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinə cavab verib

Əli Kərimli, Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fevralın 12-də yayılan məlumatına ailəsi vasitəsilə cavab verib.

Əli Kərimli bildirib ki, onun və digər şəxslərin guya dövlət çevrilişi planlaşdırması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) adından yayılan və hökumət mediası tərəfindən tirajlanan qara piar materialını hökumət televiziyalarından izləyib.

“Aydındır ki, DTX adından irəli sürülən bu iddialar başdan-ayağa yalandır. 2013-cü ildə Milli Şura o zaman mövcud olan bütün müxalif qüvvələrin — partiyaların, vətəndaş cəmiyyətinin və ziyalıların iştirakı ilə məhz avtoritarizmdən demokratiyaya dinc keçidi təmin etmək məqsədilə formalaşıb. Milli Şuranın prezidentliyə ilk vahid namizədi və sədri Rüstəm İbrahimbəyov məhz Rusiyanın və şəxsən Putinin müdaxiləsi nəticəsində seçkilərə buraxılmadı. Onun ikili vətəndaşlığı var idi və o, Putinə müraciət etmişdi ki, Rusiya vətəndaşlığından azad edilsin. Lakin bu baş vermədi və nəticədə Milli Şura ilk vahid namizədi ilə seçkiyə qatıla bilmədi”. 

Əli Kərimli özünə qarşı irəli sürülən iddiaları absurd hesab edir:

“Mənə qarşı irəli sürülən növbəti absurd ittiham məni Rusiya ilə əlaqələndirmək və guya hakimiyyətə gəlsəydim Azərbaycanın KTMT-yə üzv olacağı barədə yalanı yaymaqdır. Bu, sadəcə “özünsən” tipli ittihamdır. Uzun illərdir Azərbaycan hakimiyyətini korrupsiya, saxtakarlıq və rusiyapərəst siyasətə görə tənqid etmişəm. Azərbaycanın MDB üzvlüyünə qarşı olmuşam, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini tənqid etmişəm, Rusiya ilə müttəfiqlik bəyannaməsini və ölkədə rusdilli məktəblər şəbəkəsinin genişləndirilməsini açıq şəkildə tənqid etmişəm. Mən dünyanın aparıcı media qurumlarında dəfələrlə çıxış etmiş, məqalələrimdə Rusiyanın və xüsusilə Putinin imperialist və ekspansionist siyasətini ardıcıl şəkildə tənqid etmişəm”.

Əli Kərimli xatırladır ki, proqramında Azərbaycanın Avropa İttifaqına üzvlüyü və Avroatlantik məkana inteqrasiya əsas siyasi hədəf kimi müəyyən edilib.

“Mənə qarşı irəli sürülən digər iddia məni Ramiz Mehdiyev və Abbas Abbasovla əlaqələndirmək cəhdidir. Cəmiyyət bilir ki, bu şəxslər uzun illər İlham Əliyevin komandasında yüksək vəzifələrdə təmsil olunublar və həmin vəzifələrə də məhz onun tərəfindən təyin ediliblər. Mənim isə həyatım boyu bu şəxslərlə heç bir əlaqəm olmayıb. Əksinə, onların təmsil olunduğu siyasi komandaya qarşı mübarizə aparmışam”.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, Baş nazirin sabiq müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və bir sıra digər şəxslərlə bağlı məlumat yayıb.

Məlumatda iddia olunub ki, adıçəkilən şəxslər hakimiyyəti zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək məqsədilə fəaliyyət göstəriblər və bu işlərlə bağlı istintaq aparılır.

Əli Kərimli 2025-ci il noyabrın 29-da DTX tərəfindən saxlanılıb və bir gün sonra barəsində həbs qətimkan tədbiri seçilib.  

Ana səhifəSiyasətƏli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinə cavab verib