Təqsirləndirilən Sona Vəliyevanın köməkçisini yalan danışmaqda günahlandırır
Prezidentin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi Liseyi”ndə mənimsəmə ilə bağlı məhkəmə prosesi davam edir. Bu dəfə məhkəmədə Sona Vəliyevanın köməkçisi Həmidə İsgəndərova şahid qismində dindirilib.
O bildirib ki, 2018-ci ilin oktyabrına qədər S.Vəliyevanın köməkçisi olsa da, sonradan mühasib təyin edilib. Liseyə şagirdlərin valideynlərinin təhsil haqqı kimi ödədiyi vəsaitlərdən 565 min manatı mənimsəməkdə ittiham olunaraq həbs edilən Tural Məmmədov və Fərahim Möhbalıyevin işində rəy vermiş komissiya üzvlərindən biri də məhz H.İsgəndərova olub. Amma o, kənardan gəlmiş yoxlayıcı kimi təqdim olunub. İddia edilir ki, onun da üzv olduğu komissiya araşdırma aparandan sonra liseydə 565 min manatlıq mənimsəmə üzə çıxarılıb.
H.İsgəndərova məhkəmədə bildirib ki, baş mühasib T.Məmmədov və mühasib F.Möhbalıyev hesabatları təqdim etmirdilər. Ona görə də liseyin direktoru Elnur Əliyevin göstərişilə yoxlama aparılıb, 565 min manat çatışmazlıq aşkarlanıb.
Təqsirləndirilən şəxslər bildiriblər ki, komissiya bu nəticəyə gələrkən S.Vəliyevaya nağd şəkildə verilmiş pulları nəzərə almayıb, onlar çatışmayan vəsait kimi göstərilib. Təqsirləndirilən şəxslərin sözlərinə görə, pullar S.Vəliyevaya köməkçisi H.İsgəndərovanın yanında, çox vaxt isə elə onun vasitəsilə verilirdi. T.Məmmədov və F.Möhbalıyev deyib ki, S.Vəliyevin kitabçasında pullarla bağlı qeydiyyatı da elə köməkçisi H.İsgəndərova aparırdı.
Şahid kitabçada qeydlər, pul verilməsi məsələsini inkar edəndə təqsirləndirilən şəxslər əsəbiləşiblər: “Bu adam gəlib burada yalan danışır. Daha dindirilməmişdən əvvəl yalan danışmamaq haqqında iltizama imza atmasının nə mənası var? Qol çəkirlər, sonra da yalan danışırlar. Bu adam üzümüzə baxa-baxa yalan danışır”.
T.Məmmədov bildirib ki, S.Vəliyeva onu aldadıb, 560 min manatlıq mənimsəmə barədə ərizə yazdıranda H.isgəndərova da otaqda onun yanında olub: “Mənə dedi ki, belə ərizə yazsan, polisə şikayət etməyəcəm, hissə-hissə qaytararsan. Bu da orada idi. Məni aldatdı. Həmin gün “Bandotdel”in işçiləri gələndə də əvvəl onun otağına girib, xeyli söhbət eləyəndən sonra bizi götürüb apardılar”.
H.İsgəndərova isə bunun şahidi olmadığını söyləyib.
“Gözünün içinə qədər yalan danışır”, – T.Məmmədov ona belə cavab verib.
T.Məmmədovun vəkili Elçin Sadıqov S.Vəliyevanın özünün məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, pulu alan tərəf S.Vəliyevadır. Onu dindirmədən nə qədər mənimsəmə olması barədə obyektiv nəticəyə gəlmək mümkün deyil: “Komissiya da Sona Vəliyevanı dindirməyib”.
Hakimlər vəsatəti təmin etməyib. Bu da təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Bildiriblər ki, məhkəmə obyektiv aparılmasa, qərəzli şəkildə davam etsə, aclıq aksiyası keçirəcəklər: “Sual veməyə qoymursuz, burada açıq-aşkar yalan danışırlar, qarşısını almırsız. Sona Vəliyevanı çağırmırsınız. Açıqlamasını istəyirik ki, bu barədə vəsatətimiz niyə təmin olunmur? Bütün danışdıqlarımız Sona Vəliyeva ilə bizim aramızda olan söhbətlərdir. O, mütləq dindirilməlidir”.
Hakim isə bildirib ki, məhkəmə S.Vəliyevanın dindirilməsinə ehtiyac görmür.
Məhkəmə prosesi sentyabrın 24-nə qədər təxirə salınıb.
T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib.
F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.