Zeynəb Abdullayeva: "Allah görür hamısını, ona görə də cəzasını verir"
Almaniyada sığınacaq alsa da, Türkiyədə saxlanılıb Azərbaycana təhvil verilən keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və daha 7 nəfərin işi üzrə apelyasiya məhkəməsi davam edir.
Bakı Apelyasiya Məhkəməsində keçirilən budəfəki prosesdə H.Abduılayevin anası, vergidən yayınma, sərhədi qanunsuz keçmə və s. ittihamlarla təqsirli bilinən Zeynəb Abdullayeva çıxış edib. Çıxışında daha çox oğlu haqqında danışan Z.Abdullayeva onun günahsız olduğunu bildirib. Anasının sözlərinə görə, H.Abdullayevə qarşı irəli sürülən ittihamların hamısı uydurmadır. Z.Abdullayeva deyir ki, H.Abdullayevə məxsus olmayan, onun idarə etmədiyi şirkətlərə görə ona dələduzluq, vergidən yayınma ittihamları irəli sürmək absurddur: "Birincisi, o şirkətlər mənim mülkiyyətimdə olub. İkincisi, heç bir qanun pozuntusu yoxdur, olmayıb. Hamısını özləri uydurublar. Biz vergidən yayınmamışıq. Elə bu cür yalanlara görə Allah Fazil Məmmədovun (keçmiş vergilər naziri) bəlasını verdi".
Oğlunun azadlığa buraxılmasını istəyən Z.Abdullayeva yeni ili onunla birlikdə keçirmək arzusunu da dilə gətirib. Oğlunun xidmətlərindən danışan Z.Abdullayevanın sözlərinə görə, Heydər Əliyev Moskvadan Naxçıvana qayıdanda onun əsas dəstəkçilərindən biri H.Abdullayev olub: "Hamı qorxusundan qaçanda Hüseyn sinəsini qabağa vermişdi".
Z.Abdullayeva çıxışında prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovla oğlu H.Abdullayevin münasibətlərindən də danışıb. Bildirib ki, Ə.Həsənov onun oğlunun hesabına vəzifəyə gedib, prezidentin köməkçisi postuna qədər irəliləyib: "O, Hüseynin yanında işləyib. Hüseynin hesabına oralara gedib çıxdı. Bu adam "Xəzər TV"də – öz televiziyasında Hüseynin əleyhinə süjet verdirdi. Allah görür hamısını. Ona görə də cəzasını verir".
Z.Abdullayeva çıxışını növbəti məhkəmə iclasında – dekabrın 17-də davam etdirəcək.
H.Abdullayev ötən ilin aprelində İstanbulda saxlanılıb. O, Bakı Hərbi Məhkəməsinin hökmüylə hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılması, dələduzluq, vergidən yayınma ittihamlarıyla təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.
H.Abdullayev ittihamları rədd edir, tənqidi fikirlərinə görə ondan qisas almaq, əmlaklarını mənimsəmək məqsədilə həbs olunduğunu bildirir.
Oğlu ilə birlikdə mühakimə olunan Z.Abdullayevaya isə 4 min manat cərimə cəzası kəsilib. O, ölkədən çıxışına qadağa qoyulduğu üçün bacısının pasportu ilə xaricə gedib-gəldiyinə görə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib. Lakin Z.Abdullayeva həm sərhədi qanunsuz keçmə, həm də digər ittihamları rədd edir.