Əli Babayev Gədəbəyin prokuroru oldu

O, Meydan TV işi ilə bağlı açılmış cinayət işində istintaq qrupunun rəhbəri olub.

Source: Foto: google.az


Müstəntiq olarkən onun adı siyasi işlərdə hallanırdı

Gədəbəyə yeni prokuror təyin edilib. O, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayevdir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Xəbərə görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Əli Babayev vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru təyin edilib. Samux rayon prokuroru vəzifəsini icra edən Mayıl Hacıyev isə prokuror vəzifəsinə təyin edilib.

Əli Babayevin adı daha çox siyasi işlərdə hallanır. O, Meydan TV işi ilə bağlı açılmış cinayət işində istintaq qrupunun rəhbəri olub.

2016-cı ildə Meydan TV-yə qarşı Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin başlanması rəsmi təsdiq olunmuşdu. Həmin cinayət işində 15-dən çox jurnalistin adı keçirdi.

Həmçinin araşdırmaçı jurnalistlər Xədicə İsmayıl və Əfqan Muxtarlı ilə bağlı açılmış cinayət işlərində də Əli Babayev istintaq qrupunda təmsil olunub.

Ana səhifəSiyasətƏli Babayev Gədəbəyin prokuroru oldu