“Əgər daxildə bu problemləri gündəmə gətirənləri susdururlarsa, xarici mediada gündəmə gələcək”
“Azərbaycan Avropa Oyunları ilə bağlı dünya ictimaiyyətinin gündəminə gəlib. Dünya mediası, Avropa mediası yönləndirilən media deyil. Bu medianı daha çox maraqlı edən onun araşdırmaçı olması, alternativləri insanlara çatdıra bilməsidir. Bu baxımdan Avropa mediası Azərbaycanı gündəmə gətirəndə, onun müxtəlif aspektlərini də gündəmə gətirir”. Bu barədə media hüququ üzrə ekspert Ələsgər Məmmədli Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən tədbirdə dünya mediasının Azərbaycana qarşı yönləndirilməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları ilə bağlı problemlər var xə xüsusilə 2013-cü ildən sonra media azadlığı və QHT-lərin azad fəaliyyəti ilə bağlı olan problemlər dünya ictimaiyyətinin, xüsusilə dünyanın aparıcı qurumlarının müzakirə mövzusudur.
“Avropa Şurası, Avropa Parlamenti, BMT strukturları, Avropa Məhkəməsi Azərbaycandakı durumla bağlı məlumatlıdır. Dünya mediası bu problemləri tənqidi şəkildə gündəmə gətirir və problemlər həllini gözləyir. Azərbaycan cəmiyyətində problemlərin həllini gözləyən insanlar çoxdur”, deyə o qeyd edib.
Ekspert hesab edir ki, idman yarışları gözəldir.
“Ölkənin idmançılarının tez-tez qələbə çalması, ölkənin bayrağının qaldırılması gözəldir. Amma, digər problemlərin yoxluğunu demək də xoş qarşılanmır. Problemlər var. Bu gün jurnalistlər, QHT liderləri, hüquqşünaslar həbsdədir. Bunların həbsi də heç də obyektiv səbəblərlə bağlı deyil. Əgər daxildə bu problemləri gündəmə gətirənləri susdururlarsa, xarici mediada gündəmə gələcək”, deyə Məmmədli bildirib.
Ekspertin fikrincə, ölkədəki yayım mediası reallığı əks etdirə bilməsə də, sosial media və on-line mediada alternativ fikrilər kifayət qədərdir.
O hesab edir ki, xarici mediaya cavab vermək medianın funksiyası deyil.
“İstənilən media hadisələri obyektiv işıqlandırmalı, müxtəlif fikirləri cəmiyyətə çatdırmalıdır. Media məsələlərdə tərəf olmalı deyil. Media hadisələri çatdırmalıdır və tərəflər özləri qənatə gəlməlidir. Hökumət onunla bağlı tənqidi fikrilərə özü cavab verməlidir”, – deyə o qeyd edib. (“Turan” İA)