Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova deyir ki, atası təcili üərk əməliyyatı keçirməlidir. O, atası barəsində həbs qətimkan tədbirinin dəyişməsi, onun normal qaydada müalicə alması üçün növbəti dəfə Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya müraciət edib.
“Atamın səhhəti çox ağırdır, təcili ürəyində əməliyyat aparılmalıdır. Yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkir. Vertiqo xəstəliyinə təcridxanada olduğu 14 ay ərzində tutulub. Ürəkgetmələri var, tez-tez huşunu itirir. Hər dəfə onun huşunu itirərib yerə yıxıldığını eşidəndə və ya gözümlə şahidi olanda nələr keçirdiyimi ifadə etmək belə istəmirəm. Dəhşətli hisslərdir, bunu heç bir övlada arzu eləmirəm. Lütfən, atam barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə, normal şəkildə müalicə almasına kömək edin. Bu gün bizim ədalət və humanist münasibətə çox ehtiyacımız var”, – Səbinə Əliyeva müraciətində yazıb.
Bugünlərdə “Azərxalça” ASC-nin keçmiş rəhbəri, 21.6 milyonluq yeyintidə ittiham olunan Vidadi Muradovun səhhətindəki problemlər əsas gətirilərək həbsdən buraxılmasını yada salan Səbinə Hüseynova deyir ki, bu addım onların da ümidini artırıb:
“Əlbəttə, humanist qərardır. Ağır xəstəliyi olan şəxsin azadlığa buraxılmasını alqışlayırıq. Çox istərdik ki, bu humanist və ədalətli münasibət atama da şamil olunsun”.
Qızı xatırladıb ki, Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi gedən iki ay ərzində 3 dəfə huşunu itirərək yıxılıb. Onun sözlərinə görə, hər məhkəmə iclasında sabiq səfirin vəziyyətinin necə pisləşdiyini hakimlər də daxil olmaqla, məhkəmə prosesinin iştirakçısı olan hər kəs görür:
“Amma ədalətli qərar verə bilmirlər. Səbəb nədir? Sabiq baş prokuror, 20 il ərzində 4 ölkədə Azərbaycanı yüksək səviyyədə təmsil etmiş fövqəladə və səlahiyyətli səfir, alim, ziyalı, 28 kitabın müəllifi olan şəxsə qarşı ədalətli münasibət sərgiləmək çoxmu çətindir? 67 yaşlı xəstə bir insanı həbsxanada və ya məhkəmə zalında öldürmək Azərbaycan dövlətinə başucalığı gətirəcəkmi? Bunumu istəyir hakim? Axı mən və ailə üzvlərim Azərbaycan dövlətinə, onun hüquq-mühafizə orqanlarına atamın qatili kimi baxmaq istəmərik. Biz bu ölkəni, bu vətəni canımız qədər, atam qədər sevirik! Həbsdə olduğu müddətdə onun başına bir iş gəlsə, bizim vəziyyətimizi təsəvvür edirsinizmi? Atam bu ölkəyə ermənidən də qatı düşməndir? Hətta düşmənə münasibətdə də humanizm nümayiş etdirib bu dövlət. Nə olar, atamı da, onun ağrılarını, əzablarını da görün. Bütün həyatını, fəaliyyətini bu ölkəyə ləyaqətlə xidmət etmiş bir insanı niyə təcridxanada ölümə məhkum etmisiniz? Günahsız bir insandan istədiyiniz nədir?”
Səbinə Hüseynova vurğulayıb ki, atası bütün hallara, o cümlədən ölümə də hazırdır. Amma onun özü bir övlad olaraq, atasının yoxluğuna hazır deyil: “Özü də günahsız olduğunu bilə-bilə! Atamla son görüşdə mənə dedi ki, “günahsız olduğum gec-tez aşkara çıxacaq, təsdiqini tapacaq, buna əminəm. Amma o günü görməyə ömrüm çatacaqmı, bilmirəm. Əgər həyatda olmasam, bəraət almağım üçün bütün addımları atmağı sənə tapşırıram…”
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.