“Mən kiminsə qisas almaq üçün şərinin qurbanı oldum…”
Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənova hökm oxunub. Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Eldar Həsənov 10 il azadlıqdan məhrum edilib.
Eldar Həsənov səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması zamanı külli miqdarda vəsaitlərin yeyintisi, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinib. Eldar Həsənovun özü və ailə üzvlərinə məxsus bir sıra daşınmaz əmlaklar – Nardaran qəsəbəsində bağ evi, Bakının Nəsimi və Yasamal rayonlarında iki mənzil, Nərimanov rayonunda mağaza, Abşeron rayonunda təsərrüfat təyinatlı torpaq sahəsi, Monteneqronun Budva şəhərində mənzil müsadirə olunub.
Hökmdən əvvəl Eldar Həsənov məhkəmədə son sözünü deyib. Onun çıxışı uzun çəkib. Sabiq səfir son sözündə bildirib ki, yüksək vəzifəli bir məmurun qisas almaq məqsədilə atdığı şərin qurbanı olub:
“Mənə qarşı uzun müddətdir qərəzi olan və bu gün də bu qərəzi gizlətməyən bir məmurun sifarişilə 1 il 4 aydır ki, həbsdəyəm. 13 avqust 2020-ci ildə əvvəlcədən planlaşdırılmış halda, özlərini DTX əməkdaşı kimi təqdim edən şəxslər evimdə axtarış aparmağa başladılar. Səhər saat 9:10-da axtarış başlandı, bütün otaqlar axtarıldı. Hətta maaş və pensiya kartlarını da götürdülər. Mən onda yeni təyin olunan xarici işlər naziri Ceyhun Bayramovla görüşə gedirdim. Axtarışın çəkilişinin diskini də protokola əlavə etməyiblər. 15 nəfərdən ibarət DTX əməkdaşları evdə lazım olan-olmayan bütün sənədləri götürüblər. Daha sonra mənim özümü də DTX-ya apardılar. Səhəri gün Səbail Rayon Məhkəməsinə gətirdilər, barəmdə həbs-qətimkan tədbiri seçildi. Mənə o zaman bildirildi ki, Fərhad Mollazadənin işi üzrə saxlanmışam. İttihamda göstərilmişdi ki, guya 2015-2019-cu illərdə səfirliyə ayrılan vəsaiti mənimsəmişəm. Halbuki, mən həmin illərdə 200 min manata yaxın vəsaiti büdcəyə qaytarmışdım…”
Eldar Həsənov çıxışında onu da bildirib ki, bəzi müsahibələrində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu tənqid edirdi, Xocalı soyqırımının törədilməsində rus qoşunlarının iştirakına dair faktları ortaya qoyurdu. Bu da bir çoxunun xoşuna gəlmirdi.
Sabiq səfirin sözlərinə görə, 2019-cu ilin fevralında Serbiyanın Ermənistana silah-sursat satması barədə məlumatı rəsmi şəkildə Xarici İşlər Nazirliyinə təqdim edib: “Bunu faktlarla sübut etmişəm. Serbiya bunu təkzib etsə də, yenidən faktları Xarici İşlər Nazirliyinə təqdim etdim. Görünür, bu hərəkətim kimlərinsə xoşuna gəlmədi. Prezidentə başqa cür təqdim etdilər. Mənim siyasi iddiada olmağım, müxalifətlə işbirliyi qurmağım haqda əsassız iddialar irəli sürdülər. Həbsimin səbəbi də budur. Bunu özümə qarşı böyük bir mənəvi, psixoloji zərbə hesab edirəm. Özümün, qardaşlarımın, qohumlarının təqiblərə məruz qalması, əmlaklarımızın üzərinə qanunsuz həbslər qoyulması… Bunlar hamısı qərəzdən xəbər verir”.
Eldar Həsənov xatırladıb ki, onun səhhətindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılması üçün dəfələrlə məhkəməyə vəsatət verilib. Lakin heç vaxt təmin olunmayıb. Sabiq səfirin sözlərinə görə, istintaqın ilkin dövrlərində onunla eyni cinayət işi üzrə təqsirləndirilən Xarici İşlər Nazirliyinin 5 nəfər keçmiş məmurunun hamısı ev dustaqlığına buraxılıb:
“Ağır xəstəliklərə düçar olsam da, aralarında həbsdə qalan yeganə şəxs mənəm. Allah hamısının qapısını açsın. Amma mənə qarşı bu qərəz hələ davam etməkdədir. Budurmu ədalət, budurmu humanizm? Mənim həbsdən sağ buraxılmayacağıma artıq qərar verilib. Azərbaycanın 78 səfirlik və diplomatik nümayəndəliyindən yalnız bir səfirliyin, özü də ən az büdcəsi olanının fəaliyyəti yoxlanılır. Budur istintaqın qərəzi, ədalətsizliyi…”
Sabiq səfirin sözlərinə görə, onun işi üzrə üç dəfə istintaq qrupu dəyişib, amma ümumi prosesdə heç nə dəyişməyib. Ona cinayət işinin materiallarıyla tanış olmağa şərait yaradılmayıb.
Məhkəmədən narazılığını dilə gətirən Eldar Həsənov xatırladıb ki, 5 aylıq məhkəmə prosesi boyunca müdafiəçilərinin qaldırdığı 70-dən artıq vəsatətlərin heç biri təmin olunmayıb: “Məhkəmə prokurorluğun qurduğu qondarma ittihamları müdafiə etdi. Məhkəmə hüquqlarımı kobud surətdə pozdu. Bu qədər vəsatətlər bir cümlə ilə də yox, bir kəlmə ilə rədd edildi. Heç olmasa, görüntü üçün bir-iki vəsatətə normal münasibət bildirərdi. Bunu da etmədi. Oktyabr ayında Məhkəmə-Hüquq Şurasının iclasında mənim verdiyim bütün vəsatətlərin rədd edilməsinin yolverilməz olduğu bildirilib. Amma Məhkəmə-Hüquq Şurasının qərarı da nəzərə alınmadı”.
Səhhətindəki problemlərdən danışan sabiq səfir bildirib ki, həbsdə olduğu dövrdə DTX-nın istintaq təcridxanasında 218 dəfə yıxılıb: “Halım dəfələrlə sizin gözünüzün önündə pisləşib, amma buna da reaksiya verməmisiniz. Avropa İnsan Haqları Məhkəməsi mənim barəmdə stasionar müalicənin təmin edilməsi haqda qərar çıxarsa da, icra olunmadı. Məhkəmə olaraq, sizdən xahiş etdik ki, özünüzün etibar etdiyiniz həkimin məni müayinə etməsinə icazə verin. Bu vəsatəti də rədd etdiniz. Bununla da göstərdiniz ki, tapşırıq və sifarişdən kənara çıxa bilmirsiniz”.
Eldar Həsənov son sözündə səfir olduğu ölkələrdə gördüyü işlərdən də danışıb:
“Mənim günahım Monteneqroda Xocalıda baş verənlərin soyqırım kimi qəbul olunmasına nail olmağımdır. Mənim günahım xarici ölkədə Heydər Əliyev adına Fəxri xiyabanın açılmasına nail olmağımdır. Mənim günahım Monteneqroda Bəxtiyar Vahabzadə adına küçə açılmasına nail olmağımdır…”
Sabiq Baş prokuror çıxışının sonunda üzünü Əfqan Hacıyev, Zeynal Ağayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyasına tutub. Onlara xatırladıb ki, özü də, elə bu hakimlərin hər biri də yaşlarının ahıl çağındadır: “Bu məhkəmə, bu zal çox hakimi, çox təqsirləndiriləni yola salıb. Amma məhkəmə mənim kimisini görməyib. Mən kiminsə qisas almaq üçün şərinin qurbanı oldum. Amma burada bu haqda danışmayacam. İlham Əliyevdən inciyə bilərəm, amma ona dönüklük etmərəm. 28 illik sədaqət var. Bildiklərim mənimlə qəbrə gedəcək, mən namərd olmaram.
Hörmətli Əfqan Hacıyev və digər məhkəmə tərkibi, siz də 1-2 ilə pensiyaya çıxacaqsız. Ölməsəm, nə vaxtsa, bulvarda siz də, mən də nəvələrimizlə gəzişəndə üz-üzə gələ bilərik. Mənə Frans Kafkanın “Məhkəmə” əsərindəki Jozefin taleyini yaşatdınız.
Buna baxmayaraq, sizdən ədalətli qərar gözləmirəm. Nə tapşırıblarsa, onu da edəcəksiniz. Son sözüm də budur. Mən bəraətimi istəyirəm. Qərar isə sizindi. Xatırladım ki, qanun deyir, hakimlər qərar verməkdə sərbəstdilər…”
Hakimlər iki saatlıq müşavirədən sonra hökmü elan edib.
Hökmdən sonra Eldar Həsənovun vəkili Cavad Cavadov Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək. Məhkəmə prosesinin bütövlükdə ədalətsiz keçdiyini deyən vəkilin sözlərinə görə, hökmün cəza hissəsilə yanaşı, əmlakların müsadirəsi hissədi də tam qanunsuz idi: “1989-cu ildə dövlət tərəfindən verilmiş bağ evini də müsadirə ediblər. Həyat yoldaşı, övladlarının adına nə varsa, hamısını müsadirə ediblər. Güman ki, onlar da hökmün bu hissəsilə bağlı apelyasiya şikayəti verəcəklər. Əgər apelyasiya instansiyası da işə obyektiv, ədalətli baxmasa, bu işi Avropa Məhkəməsi müstəvisinə çıxaracağıq”.
Cavad Cavadov onu da əlavə edib ki, Eldar Həsənovun barəsində həbs qərarıyla bağlı Avropa Məhkəməsinə şikayət üzrə artıq kommunikasiya başlayıb.