Hazırda həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı aparılan istintaq işi üzrə prosesə cəlb edilib.
Bu barədə Meydan TV-yə Həsənovun saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindəki mənbə məlumat verib.
Məlumatda onun bir aya yaxındır Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təcridxanasına köçürüldüyü bildirilir.
Aidiyyatı qurumlar bu barədə hələlik heç bir açıqlama verməyiblər.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. 2001-2012-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri vəzifəsində çalışıb.
O, 2020-ci il avqustun 13-də Bakıda DTX əməkdaşları tərəfindən saxlanıb.
Eldar Həsənov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham edilib. O, səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması və digər layihələrin icrası zamanı yeyintilərə yol verməkdə təqsirli bilinib və 2022-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda fərman imzalayıb.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir.
“Ramiz Mehdiyev işi”
Ramiz Mehdiyevə qarşı cinayət işi 2023-cü ilin payızında başlayıb. Oktyabr ayında onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Eyni iş çərçivəsində onun köməkçisi Eldar Əmirov da həbs olunub.
Noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AXCP sədri Əli Kərimli və partiya funksioneri Məmməd İbrahim saxlanılıb. Hökumətyönlü media bu həbslərin “Ramiz Mehdiyev işi” ilə əlaqəli olduğunu iddia edir.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham olunur: dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması.
Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyət göstərib.