Elçin Sadıqovun Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir

Vəkil Elçin Sadıqov. Foto: Meydan TV

Vəkil bunun siyasi qərar olduğunu deyir

Bir çox ictimai-siyasi fəalın, müstəqil jurnalistlərin hüquqlarını müdafiə edən Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb. İyulun 6-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bu barədə qərar qəbul edilib.

Elçin Sadıqovla yanaşı, daha iki vəkilin də fəaliyyəti dayandırılıb.

Hər üç vəkilin Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması haqda qərar qəbul edilib.

Vəkillər Kollegiyası 3 vəkillə bağlı açıqlama yaysa da, həmin vəkillərin kimliyini açıqlamayıb. Lakin Kollegiyadakı mənbə bildirib ki, onlardan biri Elçin Sadıqovdur.

Uzun illər ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun fəaliyyəti “haqqin.az” saytının rəhbəri Eynulla Fətullayevin Vəkillər Kollegiyasına şikayəti əsasında dayandırılıb. Eynulla Fətullayev 2022-ci ilin sentyabrında Vəkillər Kollegiyasına şikayət edib. Həmin şikayət “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat alınıb, “Xural.com” saytının hazırda həbsdə olan rəhbəri Əvəz Zeynallıya verilməsi iddiasıyla bağlı olub.

Elçin Sadıqov bildirirdi ki, Eynulla Fətullayevin nə şikayət vermək hüququ vardı, nə də bu şikayətin icraata qəbul edilməsi üçün əsas: “Ümumi qəbul edilmiş müraciət hüququna əsasən, hər kəs özünün hüququnu pozan, hüquq və maraqlarına toxunan halla bağlı müraciət etmək hüququna malikdir. Eyni zamanda Vəkillər Kollegiyası Rəyasət Heyəti bu “şikayətə” ona görə baxa bilməzdi ki, bu məsələ ilə bağlı iş prokurorluğun icraatındadır”.

Elçin Sadıqov bugünlərdə Prezident İlham Əliyevə müraciət edərək, ona qarşı təqib və təzyiqlərin gücləndiyini bildirmişdi:

“İnsan hüquq və azadlıqlarını müdafiə edən bir vəkil olaraq, Sizdən xahiş edirəm, öz fəaliyyətimi təhlükəsiz və müstəqil həyata keçirməyimə kömək edəsiniz. Mənə qarşı qanunsuz intizam, cinayət təqibi və təzyiqlərə son verilməsinə göstəriş verəsiniz”.

Elçin Sadıqovun fikrincə, 2022-ci ilin sentyabrında verilmiş şikayətə məhz indi baxılması da təsadüf deyil.

Elçin Sadıqov vəkillik fəaliyyətinin dayandırılması haqda qərardan media vasitəsilə xəbər tutduğunu deyir. O, vəkillik fəaliyyətinin dayandırılması haqda qərarın siyasi olduğunu vurğulayıb:

“Mənimlə bağlı siyasi qərar qəbul edilib. Bu qərardan mətbuat vasitəsilə məlumat almışam. Bu qərarı siyasi hesab edirəm və son vaxtlar insanları işgəncədən qurtardığıma görədir. Əslində, düşünürdüm ki, intizam icraatı həvalə edilən vəkil İsmayıl Kəngərli özü-özünə etiraz edəcək. Axı o, Eynullanın dostudur. Ümid edirəm ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu işə yenidən mənim iştirakımla baxacaq”.

2022-ci il sentyabrın 10-da “Xural.com” saytının rəhbəri Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub.

Elçin Sadıqov “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 2 il yarımdır həbsdə olan iş adamı Rasim Məmmədovun vəkili idi. O, Rasim Məmmədovun ailəsinin Əvəz Zeynallıya 20 min dollar rüşvət verməsinə vasitəçilikdə ittiham olunurdu.

Elçin Sadıqov bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb. O, özünü təqsirli bilmir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Əvəz Zeynallı isə rüşvətlə yanaşı, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə maddələrilə də ittiham edilərək, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. “Səda TV” internet televiziyasının rəhbəri Elmur Şükürov da onunla birlikdə məhkəmə qarşısına çıxarılıb.

Elçin Sadıqov haqqında cinayət işi isə ayrılıb.

Ana səhifəSiyasətElçin Sadıqovun Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir