Həbsxana ölkədəki real vəziyyətin tam çılpaqlığı ilə göründüyü arzuolunmaz məkanlardan biridir
“Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli həbsxanadan məktub ünvanlayıb
O, məktubunda 2024-cü ilin ağır olduğunu, eyni zamanda çoxsaylı əqidədaşlarının, gənc jurnalistlərin, ictimai-siyasi fəal insanların həbs olunduğunu bildirib.
“Məruz qoyulduğum hüquq terroruna görə ruhdan düşmək, ümidsiz olmaq, vaz keçmək xarakterimə ziddir. Tamamilə təqsirsiz olmağıma baxmayaraq 10 aydır qapalı həbsxana divarları arasında sadəcə girovluqdayam. Qapalı şərait olsa da, həbsxana ölkədəki real vəziyyətin tam çılpaqlığı ilə göründüyü, dərk olunduğu arzuolunmaz məkanlardan biridir. Məni yaxından tanıyanlar bilir ki, hansı şəraitdə olsam da, azadlıq və obyektivlik hissimi qətiyyən itirmərəm”.
“Təmaslardan bilirəm ki, bu gün ölkəmizdə həbsdə olan insanların 90%-dən çoxu təqsirsizdir. Normal məhkəmə-hüquq sistemi olsaydı həbsxanalarda minlərlə təqsirsiz insanlar bu məşəqqətli taleyi yaşamazdı. Milli məsələlərdə həmrəy olmağımız nə qədər zəruridirsə, fərdi yanaşmalarda plüralist və tolerant olmağımız da o qədər zəruridir. İnsan olmağın gərəyi düşünməni, bəzən də fərqli düşünməni tələb edir. Ümid edirəm yeni təqvim ilində özü kimi düşünməyənləri “düşmən”, “casus”, “agent” kimi damğalamaqdan hər kəs çəkinər, fərdi düşüncələrə tolerant yanaşar, cəmiyyətdə fikir plüralizmini təhlükə kimi yox, inkişaf üçün zəruri amıl kimi qəbul edər və gerçək milli həmrəyliyin gərəyini yerinə yetirər”, – Ələsgər Məmmdəli bildirib.
Hüquqşünas əlavə edib ki, problemlərin ortaya çıxacağı yeni bir il gözləyir:
“Diləyim heç bir zaman ədalət duyğunuzu, azadlıq hissinizi itirməmək, azad iradənizin bəyanından çəkinməməkdir. Dünyada ən dəyərli hiss insanın azadlıq duyğusudur. Azad insan olmadan, azad cəmiyyət qurula bilməz. Hər birimiz öncə içimizdəki azadlığımızı durduran, boğan “zəncirlərdən” qurtulmalıyıq. 2025-ci ilin hər birimiz üçün yeni fürsətlər ili olmasını arzulayıram. Bizi gözləyən sıxıntılardan qurtulmanın bir yolu da gerçəkdən dayanışma içərisində bir-birimizə dəstək olmaq, anlamaqdan keçir. Hər birinizin dayanışma (həmrəylik) gününü və yeni ilini təbrik edirəm”.
2023-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında Ələsgər Məmmədli, “Toplum TV”-nin video-redaktoru Müşfiq Cabbar, Akif Qurbanov, Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.