Ekspert: “Məktəblərin optimallaşdırılması kütləvi savadsızlığa gətirəcək”

Göyçayın Kürdəmiş kənd məktəbi, Foto Meydan TV

Nabatəli Qulamoğlu: “Bu, Prezident Adminstrasiyasından nazirə verilən tapşırıqdır”

Noyabrın 21-də Milli Məclisdə 2025-ci ilin büdcə müzakirələri zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır.

Nazir deyib ki, 4400 məktəbin təxminən 1500-də şagird sayı 100-dən azdır:

“Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var, çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti – 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.

Nazirin söylədikləri ciddi müzakirələrə və etirazlara səbəb olub.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da məsələni şərh edib.

O, noyabrın 27-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib ki, əksər ərazilərdə ciddi şagird sıxlığı var:

“Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”.

Əsasən də ucqar kəndlərdə yaşayan vətəndaşlar da sosial şəbəkələr vasitəsilə məktəblərin birləşdirilməsini tənqid ediblər:

“Əlbəttə, bir rayonda 152 olmasın. Olsun 60-70 məktəb. Ailələr uşaqlarına “effektli” təhsil vermək üçün dağdan enərək, üz tutarıq kirayələrə”.

“Qışda dağ kəndlərində 5 metr yol getmək olmur. Yollar buz bağlayır, dağ-dərə… Uşaqlar bir kənddən digərinə necə getsinlər, yazıq deyillər?” – deyə şikayətçilərdən biri qeyd edib.

“Yardımlının Abidinli kəndinin yolları qışda dəhşət olur. Gediş-gəliş əzab-əziyyətə çevrilir. Bir kəndin uşağı digər kəndə necə getməlidir? Bu baş verərsə, təhsildən yayınma daha çox olacaq. Əgər imkanınız varsa gedin, bir həftə dağ kəndlərində müşahidə aparın. Bakıda oturub, hər şeyi oradakı kimi görməyə nə var”, – sosial şəbəkələrdə nazirin statusuna yazılan şərhlərdə bildirilir.

Daha sonra Emin Əmrullayev sosial şəbəkədə məktəblərin bağlanmayacağını yazıb:

“Şagird sayı aşağı olan məktəblərdə də bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur. Məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır”.

Emin Əmrullayev. Foto: edu.gov.az

Nazir bildirib ki, daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq:

“Cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir. Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır”.

Təhsil ekspertləri isə hesab edirlər ki, bu qərar xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəbləri əhatə edəcək və ciddi problemlər yaradacaq.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə bildirir ki, məktəblərin optimallaşdırılması ölkədə kütləvi savadsızlığa yola aça bilər:

Nabatəli Qulamoğlu
Foto: Facebook hesabından

“Hesab edirəm ki, bu, Emin Əmrullayevə Prezident Adminstrasiyasından verilmiş tapşırıqdır. Tapşırığın kökündə də büdcə xərclərinə qənaət etmək dayanır. Güman ki, Emin Əmrullayevə tapşırıblar ki, filan sayda məktəbləri optimallaşdır, sayını azalt, büdcədə xərclənmə az olsun. Nəticədə ölkəni funksional savadsızlıq bürüyəcək. Funksional savadsızlıq bu hökumətə əl verir, xalqın savadlı olmasında maraqlı deyil. Bu, baş versə, böyük faciədir. Heç bir kənd sakini öz uşağını o qədər uzaq məsafədə oxumağa göndərməyəcək”.

Təhsil eksperti Elçin Əfəndi Meydan TV-yə deyir ki, məktəblərin birləşdirilməsi üçün ucqar kəndlərdə yol infrastrukturu və servis xidməti yaxşı təşkil olunmalıdır:

Təhsil ekspert Elçin Əfəndinin şəxsi arxivindən

“Yalnız bu halda yaxın ərazilərdə yerləşən məktəblərin birləşdirilməsinə gedilə bilər. Qərarlar təhsil almaqda maraqlı olanlar üçün asan olmalıdır. Dünyanın əksər ölkələrində hətta bir şagirdi tədrisə cəlb etmək üçün müvafiq nəqliyyat vasitələri təyin edilir. Düşünürəm ki, eyni prinsip bizdə də qorunub saxlanılmalıdır. Hər bir ölkə vətəndaşı üçün təhsilin əlçatanlığı  təmin olunmalıdır. Nəqliyyat infrastrukturu və servis xidmətini edə bilmiriksə, ən yaxşı, optimal üsul həmin ərazilərdə distant təhsilin tətbiqidir. Təhsil haqqında qanunvericilikdə də təhsilin formaları kimi əyani, qiyabi və distant təhsil öz əksini tapıb. Düşünürəm ki, həmin şagirdlərə distant təhsil tətbiq olunmalıdır”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də hesab edir ki, məktəbləri birləşdirməklə yanaşı yol infrastrukturu qurulmalı, şagirdlər üçün xüsusi servis avtobusları təyin edilməldir:

Natiq Cəfərli
Source: Meydan TV

“Bu qərar, çox güman ki, kənd məktəbləri üçün nəzərdə tutulub. Yol və servis məsələsi həll olunacaqsa optimallaşmanı məntiqli hesab etmək olar. Bu, vətəndaşın, valideynin üzərində əlavə bir problemə çevrilməməlidir. Məsələn, 6-8 kilometr məsafədə olan kəndlərin məktəblərini birləşdirsələr, uşaqların səhər dərsə gəlməsi və sonra evə qayıtması, ayrıca bir problemə çevrilə bilər. Gürcüstanda da məktəbləri birləşdirdilər. Amma elə bir infrastruktur qurdular ki, vətəndaş bundan əziyyət çəkmədi. Təhsilin keyfiyyətinin artırılması ilə paralel olaraq vətəndaşların üzərində problem qalmayacaqsa, bu zaman bunu uğurlu hesab etmək olar”.

Hazırda Azərbaycanda 4432 dövlət ümumi orta təhsil məktəbi var.

Təhsil alanların sayı isə 1.6 milyondur.

Özəl məktəblərin sayı isə 30-dan çoxdur.

2025-ci il üzrə Azərbaycanda təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

Bu da 2024-cü illə müqayisədə 395,7 milyon manat çoxdur.

Ana səhifəSosialEkspert: “Məktəblərin optimallaşdırılması kütləvi savadsızlığa gətirəcək”