Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

Source: Meydan TV

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu da daxil olmaqla korrupsiyada ittiham olunan 402 nəfərin məhkəməsi başlayıb.

Türkiyə mətbuatının yazdığına görə, bütün proses təxminən 12 il davam edəcək.

İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanmış 3 800 səhifəlik ittiham aktında İBB daxilində korrupsiya halları, “cinayətkar təşkilat” qurulması və İmamoğlunun bu təşkilatın rəhbəri olması iddia edilir. Ona görə də İmamoğluna 2 430 ilədək həbs cəzası tələb olunur.

402 nəfərdən 105 nəfəri həbsdə, 170 nəfəri məhkəmə nəzarətində, 7 nəfəri isə axtarışdadır. Onlara qarşı cinayətkar təşkilat yaratmaq, rüşvət almaq, dövlətə ziyan vurmaq, tender saxtakarlığı, qanunsuz gəlirlərin yuyulması və şəxsi məlumatların yayılması ittihamları irəli sürülüb.

Prokurorluq bildirir ki, İmamoğlu təşkilat üzərində tam “əmr-komanda” səlahiyyətlərinə malik olub və bütün cinayətlərə görə məsul tutulmalıdır.

Cinayət işində “gizli şahid” ifadələrində İBB-də tenderlər, layihələr, reklam sahələri və büdcə idarəçiliyində qanunsuz qərarların verildiyi qeyd olunur.

İddianamədə 13 nəfərin “xüsusi vəzifəli təşkilat üzvü” olduğu və onlara fərqli cəza tətbiq olunacağı bildirilir. Dövlətə vurulan ziyanın məbləği təxminən 140 milyard türk lirəsidir, əsas ziyan 2020-2025-ci illərdə Cebeci mədən sahəsində yaranıb.

Prokurorluq həmçinin bəzi şəxslərin siyasi məlumatlarının qanunsuz yollarla ələ keçirildiyini və bununla bağlı işin Yargıtay Cümhuriyyət Baş Prokurorluğuna göndərildiyini vurğulayır.

Əkrəm İmamoğlu 2025‑ci martın 19-dan həbsdədir və ona qarşı korrupsiya, rüşvət, dövlət vəsaitlərinə ziyan vurmaq, tenderlərlə bağlı ittihamlar irəli sürülüb. Onun həbsi Türkiyədə etirazlara səbəb olub və siyasi motivli sayılır. Çünki İmamoğlu Prezident Rəcəb Tayyib Ərdoğan üçün əsas rəqib kimi görülür və 2028‑ci ildəki Prezident seçkilərində müxalifətin aparıcı namizədlərindən biridir.

Ana səhifəDünyaƏkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb