Ekofəal Qreta Tunberq Trampa cavab verib

Tramp: “O, parlaq və gözəl gələcəyə ümidlə baxan çox xoşbəxt bir gənc qıza bənzəyir”

Source: Meydan TV

İsveçli yeniyetmə, ekofəal Qreta Tunberq (Greta Thunberg) çərşənbə axşamı ABŞ prezidenti Donald Trampın “Twitter”də onu ələ salmasına cavab olaraq sosial mediada öz profilini dəyişib, – “Reuters” xəbər verir.

Bazar ertəsi günü Tramp 16 yaşlı qızın BMT-nin iqlim sammitindəki nitqinin bir hissəsini retvit edib. Gənc qız dünya liderlərinin iqlim dəyişikliyinə ciddi yanaşmamasına qarşı çıxaraq onları qınayıb, "Siz necə cəsarət edirsiniz" sualını ünvanlayıb.

73 yaşlı Tramp Tunberqə cavab verərək deyib: “O, parlaq və gözəl gələcəyə ümidlə baxan çox xoşbəxt bir gənc qıza bənzəyir. Bunları görmək çox xoşdur!”

Çərşənbə axşamı günü Tunberq “Twitter”dəki tərcümeyi-halını dəyişib. O, tərcümeyi-halına "Parlaq və gözəl gələcəyə baxan çox xoşbəxt bir gənc qız" yazıb.

Bazar ertəsi günü Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatına girərkən Tunberqin Trampa atdığı baxış sosial mediada geniş müzakirələrə səbəb olub. Tramp iqlim elmini sual altına alıb və ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı indiyə qədər həyata keçirdiyi siyasətini tənqid edib.

Tunberq ötən ildən etibarən hər cümə günü məktəbə getməyərək İsveç parlamentinin qarşısında iqlim fəaliyyətinə etiraz olaraq aksiya keçirir. O, bu hərəkətiylə milyonlarla uşağa ilham verib.

Ana səhifəDünyaEkofəal Qreta Tunberq Trampa cavab verib