“Salyanın icra başçısı ərazini 99 illiyə Ceyhun Həsənovun pomidor yetişdirən müəssisəsinə icarəyə verib”
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaq alveri edir. Bu dəfə artıq milli parklar- xüsusi mühafizə olunan təbiət əraziləridir. 7 min hektara yaxın ərazini oliqarx sahibkarlarla razılaşdırıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarıb Kənd Təsərrüfatı Nazirliyinə, icra hakimiyyətlərinə təhvil verməyə hazırlaşırlar. Bunun üçün Nazirlər Kabinetinə müraciət ediblər”.
Bunu Meydan TV-yə “Ecofront” təşkilatının rəhbəri Cavid Qara deyib.
Ekofəalın sözlərinə görə, Şirvan Milli Parkından 2 min hektar, Qızılağac Milli Parkından 4 min hektar, Qarayazı Dövlət Təbiət Qoruğundan isə min hektara yaxın ərazini “satışa” çıxarıblar.
“Bu yaxınlarda eyni üsulla Şirvan Milli Parkından 518 hektar torpaq sahəsini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənova veriblər. Salyanın icra başçısı Sevindik Hətəmov həmin ərazini hektarı 2 manatdan 99 illiyə Ceyhun Həsənovun pomidor yetişdirən müəssisəsinə icarəyə verib. Nazirliyə başqa yerdən tam yararsız şoran torpaq verilib. Nazirlikdə olan etibarlı mənbəmiz də bunu təsdiqləyib”, – Cavid Qara deyib.
Ekofəal qeyd edib ki, bu prosesin arxasında böyük məmur özbaşınalıqları və korrupsiya dayanır. Bu torpaqların quraq ərazilərdə suvarılması ciddu su resursu tələb edir:
“Yenə ətraf kəndlər susuz qalacaq, yenə Kür quruyacaq”.
Təşkilatın fəalları Baş Prokurorluqdan məsələni araşdırılmasını xahiş ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meydan TV-nin suallarına cavab verməyib. Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşı isə deyilənləri təsdiqləyib:
“Cavid Qara vaxtı ilə nazirliyin əməkdaşı olub və məlumatlar ona güman ki, elə nazirliyin hansısa əməkdaşları tərəfindən ötürülür. Çünki deyilənlər doğrudur”.
Salyan Rayon İcra Hakimiyyətindən isə sualı cavablandırmaqdan qaçıblar. Belə ki, sualı eşidən kimi şöbələr Meydan TV-nin əməkdaşını bir-birinə yönləndirib. Yalnız ümumi şöbədən bildirilib ki, bu barədə məlumatsızdırlar, əgər lazım gəlsə mətbuata açıqlama veriləcək.
Meydan TV Ceyhun Həsənovla əlaqə saxlaya bilməyib.