Keçmiş Aparat rəhbəri özünü təqsirli bilsə də, nazirlə əlbir olmadığını deyir
“Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyevə 8 il 6 ay həbs cəzası verildi.
O, Səlim Müslimovun əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə – 2013-2018-ci illərdə nazirliyin Aparat rəhbəri vəzifəsində çalışıb.
Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, əlavə cəza olaraq, 3 il də vəzifə tutmaq hüququndan məhrum edilib.
Əjdər Cəbiyev külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi əməllərdə təqsirləndirilir.
Əjdər Cəbiyev aparat rəhbəri olmazdan əvvəl, yəni 2004-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Bu illərdə Səlim Müslümov da adıçəkilən qurumlara rəhbərlik edib.
İttihama əsasən, Əjdər Cəbiyev Fondda işlədiyi dövrdə bu qurumun müxtəlif rayonlar üzrə şöbələrində işə götürmək üçün ayrı-ayrı adamlardan rüşvət alıb, müxtəlif yollarla yeyintilərə yol verib. Əjdər Cəbiyev həmçinin nazirliyin tabeliyindəki obyektlərin, şəhid ailələri, müharibə əlilləri üçün binaların tikintisi, avadandanlıqların alınması zamanı qiymətlərin şişirdilməsi, artıq köçürülən vəsaitlərin geri qaytarılması yoluyla külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirləndirilir. İddia olunur ki, sabiq Aparat rəhbəri bütün bunları nazir Səlim Müslümovla əlbir olaraq həyata keçirib.
Əjdər Ol haqqında cinayət işində korrupsiya nəticəsində dəymiş ziyanın ümumi məbləğinin 500 min manatdan artıq olduğu bildirilir. Məhkəmədə məlum olub ki, yeyinti nəticəsində dəymiş ziyan ödənilib.
Sabiq Aparat rəhbəri məhkəmədə özünü təqsirli bilərək vurğulayıb ki, istintaq zamanı verdiyi ifadəni təsdiqləyir:
“Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam…”
O əlavə edib ki, əldə olunan vəsaitləri özünə yox, nazirlikdə başqa xərclərə sərf edib.
Aprelin 5-də hökmdən əvvəl məhkəmədə Əjdər Cəbiyevə son söz demək təklif olunub. O, qısa çıxış edərək, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasından yaşını, şəxsiyyətini və nüfuzunu nəzərə alıb, ədalətli qərar vermələrini xahiş edib.
Bir neçə dəqiqəlik müşavirədən sonra hakimlər onun 8 il 6 ay azadlıqdan məhrum olunması barədə hökmü elan ediblər.
Əjdər Cəbiyev 2021-ci ilin fevralında – Səlim Müslümovun həbsindən az sonra tutulub. Onların hər ikisinin işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb. Sabiq Aparat rəhbəri haqqında cinayət işi dekabrda keçmiş nazirin işindən ayrılaraq, məhkəməyə göndərilib. Səlim Müslümov haqqında istintaq isə davam edir.