“General Rasim Babayev və Maliyyə Nazirliyinin Mənzil komissiyasının üzvü Etibar Kərimov məni haqqımdan məhrum etdi”
“Hazırda yaşadığım xidməti mənzil çox şəraitsizdir. Binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağış suları birbaşa mənzilimə süzülür. Binanın kanalizasiya sistemi olmadığı üçün üfünət iyindən nəfəs almaq olmur. Maliyyə Nazirliyinə mövcud vəziyyətlə bağlı müraciət etdim, ancaq cavab məktubunda bildirdilər ki, adım mənzil siyahısında 864-cü yerdədir. Telefonla əlaqə saxladım, bildirdilər ki, siyahını Müdafiə Nazirliyi tərtib edib. Təsəvvür edirsiniz? 8 ildir mənzil gözləyirəm və hələ də siyahıda 864-cü adamam”.
Müharibə iştirakçısı, ehtiyatda olan polkovnik Rəşad Həsənov Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayır. Meydan TV-yə danışır ki, həmin şəhərcikdə yaşayış evlərinin bərbad vəziyyətiylə bağlı müxtəlif vaxtlarda dövlət qurumlarına müraciət edib. Müdafiə Nazirliyi və Maliyyə Nazirliyinin mənzil komissiyaları tərəfindən tədbir görülməsini istəyib.
“Mütləq şəhid olmalıydım?..”
Rəşad Həsənovun deməsinə görə, müraciətləri nəticəsiz qalıb:
“Olduqca acınacaqlı vəziyyətdə yaşayıram. Üstəlik, dediyim kimi, bura xidməti mənzildir. Mənsə daimi mənzillə təmin olunmalıyam. Prezidentin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, 2014-cü il tarixdə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalıydım. 22 illik qüsursuz xidmətim (17 ili cəbhə xəttində),Vətən müharibəsində iştirak etməyim, xəsarət almağım, hərbi rütbəm, çətin yaşayış şəraitim nəzərə alınmalı və mənə 4 otaqlı mənzil verilməliydi. Ancaq Müdafiə Nazirliyinin mənzil komissiyasının sədri general Rasim Babayev və Maliyyə Nazirliyinin Mənzil komissiyasının üzvü Etibar Kərimov məni bu haqqımdan məhrum etdi. Mən bu insanlara sual vermək istəyirəm – ailəmin mənzillə təmin olunması üçün mütləq şəhid olmalıydım?”.
Rəşad Həsənov deyir, Müdafiə Nazirliyinin mənzil komissiyası mənzillərin bölgüsünü və mənzil alanların siyahını tərtib edərkən haqsızlığa yol verir. Nəticədə əziyyət ona və ailə üzvlərinə düşür:
“Bütün problemləri yaradan Müdafiə Nazirliyinin mənzil komissuyasının sədri, general Rasim Babayevdir. O, mənzil bölgüsü zamanı siayhını Maliyyə Nazirliyinə təqdim edərkən cənab Prezidentin Fərmanına düzgün riayət etsəydi, mən və mənim kimi yüzlərlə hərbçi belə acınacaqlı vəziyyətdə yaşamazdı”.
İcra hakimiyyətindən bildirilib ki, Rəşad Həsənov hərbi şəhərcikdəki evin dam örtüyünün, fəsadının, zirzəmisinin, kanalizasiya sisteminin təmir olunması üçün müraciət edib. Ancaq həmin mənzillər Müdafiə Nazirliyinin balansında olduğuna görə ona həmin quruma müraciət etməsi tövsiyə edilib.
Müdafiə Nazirliyi Rəşad Həsənova göndərdiyi məktublarda eləcə mənzil növbəsində olduğunu xatırlatmaqla kifayətlənib.
Rəşad Həsənov Maliyyə Nazirliyinin ona göndərdiyi sonuncu cavab məktubunu iki gün əvvəl alıb. Məktub məzmununa görə əvvəlkilərdən fərqlənmir:
“Sizin növbədənkənar mənzillə təminatınız hazırda növbədə dayanan 20 ildən artıq qüsursuz xidmət etmiş və döyüş əməliyyatlarının iştirakçısı olmuş yüzlərlə hərbi qulluqçunun, böyük əksəriyyəti əvvəllər döyüş bölgələrində və Vətən müharibəsində iştirak etmiş, indisə işğaldan azad olunmuş ərazilərdə xidmət keçən yüzlərlə yüksək rütbəli zabitin hüquqlarının pozulması demək olardı. Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində Müdafiə Nazirliyi tərəfindən zəruri işlər görür”.
Rəşad Həsənovsa rəsmi qurumların eyni məzmunlu cavablarını oxumaqdan usandığını deyir:
“Birincisi, mənzil növbəsiylə bağlı siyahını tərtib edərkən kimi necə istəyirsə, həmin sıraya yerləşdirir. Yəni hərbçilərin döyüşlərdə iştirakı, qüsursuz xidmət, yaralanma və xəsarət almaları, çətin mənzil şəraiti heç də deyildiyi kimi, nəzər alınmır. Yazır ki, guya mənim mənzil növbəmin qabağa salınması digər hərbi qulluqçuların hüquqlarının pozulmasına səbəb olur. Onda mən də onlara sual verirəm – mənimlə eyni ildə xidmətə qəbul edilənlərə Yasamalda mənzil verilərkən mən niyə “yaddan çıxdım”? Bəs bu, mənim hüququmun pozulması deyil? Daha sonra yazır ki, guya yaşadığım hərbi şəhərcikdə yaşayış şəraitin yaxşılaşdırılması ilə bağlı işlər görülür.
Rəşad Həsənovsa deyir, bu yaxınlarda hərbi şəhərcikdəki evlərin dam örtüklərinin təmiri üçün 80 ədəd şifer göndərilib. Ancaq o, düşünür ki, 80 ədəd şiferlə hər birinin uzunluğu 50, eni 12 metr olan iki binanın dam örtüyünü keyfiyyətli təmir etmək mümkün deyil”.
“Mənə xidməti mənzilimin şəraitinin yaxşılaşdırılması yox, haqqım olan daimi mənzilim verilməsi lazımdır. Mən şikayət etdikcə növbədəki yerim bir qədər də geri çəkilir. Maliyyə və Müdafiə Nazirliklərinin müvafiq komissiyaları mənimlə eyni ildə xidmətə qəbul edilən və mənimlə eyni rütbədə olan hərbçilərə Yasamalda mənzil paylayarkən məni siyahıda hansı səbəbdən 864-cü etmələrinə aydınlıq gətirmələrini tələb edirəm. İlaxır çərşənbəni və bayramı mənzilimə yağış yağa-yağa qeyd etmişəm. Övladlarımın yanında xəcalət çəkə-çəkə yaşayıram”.
Xatırlatma: Prezident İlham Əliyev 28 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün 569 nömrəli Fərman imzalayıb.