Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist və ictimai fəal Əhməd Məmmədlinin barəsindəki 6 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.
Mayın 14-də keçirilən prosesdə hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti fəalın apellyasiya şikayətini təmin etməyib. Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsindən verilən məlumata görə, fəal məhkəmədən ilk növbədə bəraət istəyib, bu mümkün olmadığı təqdirdə isə səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılmasını xahiş edib.
Vəsatətlərinin rədd ediləcəyini təxmin edən jurnalist məhkəməyə etirazını bildirib. O, 6 il işgəncə altında həbs cəzası çəkməkdənsə, ölkədə tətbiq edilməsə belə, özü üçün ölüm hökmünün çıxarılmasını daha şərəfli addım adlandırıb.
“Bu da olmazsa, xahiş edirəm mənə ölüm hökmü kəsin. Bilirəm, bizdə ölüm hökmü yoxdur, amma bu, mənim üçün daha şərəfli olar, nəinki 6 il işgəncə altında həbs cəzası çəkmək”, – o bildirib.
Çıxışında ittiham aktının əvvəlki instansiyalar tərəfindən araşdırılmadığını deyən Əhməd Məmmədli, cinayət işində heç bir real sübutun olmadığını vurğulayıb. O, cinayət aləti hesab olunan bıçağın tapılmadığını və hadisə yerində heç bir qan izinin qeydə alınmadığını məhkəmənin diqqətinə çatdırıb.
Müdafiə tərəfi də cinayət işindəki ciddi şübhəli və ziddiyyətli məqamları qabardıb. Vəkil Elçin Sadıqov bildirib ki, hadisənin baş verdiyi iddia olunan taksidəki digər iki sərnişin təsadüfi şəxslər olmayıb, eyni kənddən gələn və bir-birini öncədən tanıyan şəxslərdir.
Əhməd Məmmədli 2025-ci il mayın 6-da saxlanılıb. Ona qarşı xuliqanlıq və sağlamlığa qəsdən ağır zərər vurma maddələri irəli sürülüb. İttihama görə, fəal sərnişin qismində olduğu avtomobildə digər şəxsi bıçaqlayıb. Bu il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası verilib.
Əhməd Məmmədli isə ittihamları tamamilə rədd edərək, siyasi-ictimai fəaliyyətinə və hazırkı müstəqil jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bəyan edir.