“Əgər yardımlaşma kampaniyaları olmasaydı, durum çoxdan nəzarətdən çıxmışdı”

“Baş verənlər dövlət tərbiyəsinə ziddir”.

Source: Foto: sosial şəbəkə


İntiqam Əliyev: “Dövlət öz işini elə qurmamalıdır ki, vətəndaş öz haqqını reallaşdırmaq üçün qanunları pozmağa məcbur olsun”


COVİD 19 pandemiyası səbəbilə Azərbaycanda mayın 4-dək xüsusi karantin rejimi tətbiq olunur. Bu müddətdə hər kəsin evdə qalması tövsiyə olunur, əksər iş yerləri qapadılıb. Bu da insanların yaşayışına təsirsiz ötüşməyib. Bununla yanaşı, ölkədə xeyli müxalifətçi karantin rejimini pozma ittihamıyla həbs olunub.


Meydan TV ölkədəki vəziyyəti hüquqşünas İntiqam Əliyevlə müzakirə edib.


– İntiqam müəllim, son həbsləri və müxalifətə basqıları dövlət başçısı İlham Əliyevin Novruz Bayramı təbriki ilə əlaqələndirənlər az deyil. Hakimiyyət isə həbslərin arxasında siyasi motivlərin dayanmadığını, onların konkret hüquq pozuntuları ilə bağlı olduğunu söyləyir. Siz bu barədə nə düşünürsünüz?

– Tofiq Yaqublunun, digər müxalifətçilərin tutulmasının – ölkə başçısının nifrət nitqi ilə bağlı olduğunu görmək üçün azacıq ədalətli olmaq yetər. Yeri gəlmişkən, Tofiq bəy hətta ona ittiham olunan cinayəti həqiqətən etmiş olsaydı belə, yenə də, məhkəməyə qədər onun azı doğmalarının yanında, ev dustaqlığında qalmasına mane olan heç bir hüquqi zərurət yoxdur. Əksinə, ölkə qanunvericiliyi də,beynəlxalq hüquq da şəxsin ədalət mühakiməsindən gizlənməsi, sübutları məhv etməsi, şahidlərə, zərərçəkənlərə təzyiq göstərməsi təhlükəsi yoxdursa, onu həbsə atmağı yolverilməz sayır. Bəli, hakimiyyətin müvafiq orqanlarının təmsilçiləri deyir ki, inzibati həbsi təkcə müxalifətçilərə vermirlər. Əvvəla, insanın azadlıqdan məhrum edilməsi üçün çox ciddi əsaslar olmalıdır. İstər cinayət cəzası olsun, istər inzibati, 5 sutka olsun, istər 10 və ya 30 sutka, istər sanksiyaya məruz qalan müxalifətçi olsun, istərsə də qeyrisi. Konkret olaraq, karantin rejimini pozduğu iddia edilən adam hansı hərəkəti edəndə polis ona 100 manat cərimə kəsir, nəyi edəndə isə polis məhkəmə ilə cütləşib onu həbsə yollayır? Bu suala istər çoxsaylı tutulanlar, onların vəkilləri olsun, itərsə də toplum, hələ ki, normal cavab ala bilməyib. Sən qanunları pozursansa, “tutulan təkcə müxalifətçi deyil” arqumenti haqlı etirazlara ağlabatan cavab sayıla bilməz. Baş verənlər dövlət tərbiyəsinə ziddir. Yeri gəlmişkən, ölkə başçısı bundan öncəki çıxışında oponentlərini damğalayıb, hədələyəndə konkret kimləri nəzərdə tutduğunu açıqlamamışdı; o vaxt bəziləri o çıxışda linç olunanların təsvirinin onlara uyğun gəlmədiyini söyləyib, ittihamları da üzərlərindən atmışdılar. Bu dəfə konkret hədəf göstərildi. Yenə özlərini qırağa çəkənlər tapıldı. Mən nə hədəfə alınan partiyaların üzvüyəm, nə də ümumiyyətlə partiya mənsubiyyətim var. Amma “düşmən” sözünü mən də öz üzərimə götürürəm. Çünki mediada, sosial şəbəkələrdə səslənən və Prezidenti özündən çıxaran o fikirlərin əksəriyyətini dəstəkləyirəm və imkan düşdükcə onları səsləndirirəm. Özünü müxalif sayan qüvvənin “deyilənin mənə dəxli yoxdur, öz işləridir, özləri bilərlər” deyib yaxasını kənara çəkməsi çox yanlışdır. Etika xətrinə “ayıb” ifadəsini işlətmirəm. Sən hakimiyyətin yarıtmaz sosial, iqtisadi, siyasi fəaliyyətini tənqid edirsənsə, bunu necə etməyindən, – söyüşlü, söyüşsüz, dialoqa hazır olmaqla, yoxsa ondan imtina etməklə, qışqıra-qışqıra, qəzəblə, yoxsa etik qaydaları gözləməklə, – asılı olmayaraq, onun gözündə düşmənsən. Köhnəsən, ya təzəsən, dialoqa (adam bu sözü işlətməyə də utanır!) gedirsən, ya ondan imtina etmisən, söyüşlə, ya etik qaydalar çərçivəsində “sökürsən”, heç fərq etməz. Növbə sənə də mütləq çatacaq və keçilən yol belə nümunələrlə doludur. İndiyə qədər repressiya qurbanları arasında çıxışlarında etika qaydalarına əməl edən nə qədər adamlar var. Hökumət üçün formanın ola bilər ki, bəzi məqamlarda önəmi olsun (aşırı söyüş), amma bütün hallarda önəmli məzmundur. Düşmən sözü – bu hakimiyyətə müxalif olan hər kəsə aiddir, kimsə yaxasını kənara çəkməklə, “təcrid”dən sığortalandığını sanmasın. Konkret olaraq, Əli Kərimliyə gəldikdə, onun ətrafında baş verənlərin məhz barəsində danışdığımız çıxışla bağlı olduğunu anlamaq üçün dərin ağıl lazım deyil. Bu, faktiki olaraq cinayət qanunvericiliyində nəzərdə tutulan ev dustaqlığıdır. İndiyə qədər “tutun!”, “döyün!”, “qaralayın” bəyanatı başqa rəsmilərin dilindən səslənirdi, indi Prezident özü deyir. Özü də bu cür sərt formada. Müxalifətin (təkcə siyasi partiyaları nəzərdə tutmuram) bundan qat-qat sərt çıxışlar olan dövrlər az olmayıb. Nə dəyişib ki? Dövr dəyişib: bir virus analoqsuz inkişaf, qüdrətli və şaxələnmiş iqtisadiyyat, ildən-ilə artan sosial rifah, işsizliyinaz qala yoxa çıxması barədə nağılları yalana çıxardı. Ona görə insanlar narazıdırlar, qəzəblidirlər. Bunu sosial şəbəkələrdə tökməkdən çəkinmirlər. Hakimiyyət bunu görməmiş deyil və bu baxımdan qəzəblidir. Dünyanın öz hayında olduğundan yararlanıb həm şəxsi zəmində opponentləri ilə haqq-hesab çürüdürlər, həm də toplumun gözünü qorxudurlar. Yeri gəlmişkən, bu virusun özü ilə gətirdiyi bir çox tragikomik şeylərə şahidlik etməkdəyik; onlardan birinə toxunmaq istərdim. İndiyə qədər deyirdilər ki, ölkədə işsizlik beş faiz həddindədir, bir nəfər sayını üç dəfə artırdı; hələ bilmək olmur ki, say yenə artacaqmı və nə qədər artacaq? Bu qədər işsiz varsa, niyə millətə yalan deyirdilər? Əslində bu və buna oxşar yalanları görənlər, bilənlər az deyildi, amma indi hamı gördü, bildi. Karanatin rejiminin tətbiqinin bir ayının tamam olmasına iki-üç gün qalıb, amma 600 minişsizin çox cüzi bir hissəsi yardımı ala bilib. Adamlar evdə necə otursun? Əgər yardımlaşma kampaniyaları olmasaydı, durum çoxdan nəzarətdən çıxmışdı. Sən dövlət olaraq öz öhdəliyini yerinə yetirmirsənsə, nə haqla vətəndaşına “maska geyin, əlcək tax, evdə otur” deyə bilərsən? Hansı haqla açıq-gizli çörək dalınca evdən çıxmağa məcbur olan vətəndaşını o boyda cərimə edirsən? Bir deyil, yüz deyil, min deyil, on minlərlədir… Belə münasibəti görən vətəndaş bu dövləti söyəcəkmi? Söyəcək! Bu ölkənin ən vicdanlı insanlarından biri olan Tofiq Yaqublunu, digər müxalif fəalları şərləyib həbsə atmaqla, müxalifət liderini dünyadan təcrid etməklə, bir gənc fəalın ailəsinə iyrənc formada burun soxmaqla və çoxsaylı digər murdarlıqlarla bunun qabağını kəsə bilərsənmi?Bilməzsən!


-Son zamanlar ən çox müzakirə olunan mövzulardan cərimələrlə bağlıdır. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev televiziyaların birində bildirdi ki, əlcək və maskadan istifadə olunmaması inzibati məsuliyyət yaradır və polis buna görə vətəndaşı cərimə edə bilər, “amma bunun adı maska və əlcək taxmadığı üçün yox, karantin rejiminin qaydalarını pozduğuna görə olacaq”. Ondan bir gün sonra DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov əlcək və maskadan istifadə etməməyə görə cərimənin olmadığını və vətəndaşın“zərurət olmadan evdən çıxdığına” görə cərimə olunduğunu bəyan etdi. Rəsmi şəxslərin təzadlı açıqlamalarını hansı səbəblərlə izah edərdiniz?

– Dedikləriniz ölkədə bütün sahələrdə olduğu kimi, bu sahədə də olan yarıtmaz idarəçiliyə, dövlətin öz vətəndaşına necə hörmətsiz yanaşdığına bir daha güzgü tutdu. Sosial şəbəkələrdəki çoxsaylı şikayətlərdən, şərhlərdən görünən odur ki, karantin rejiminin tətbiq edildiyi gündən – martın 24-dən aprelin 5-nə qədər qadağanın pozulması ilə bağlı yazılan cərimələrin önəmli hissəsi məhz maska və əlcəkdən istifadə olunmaması ilə bağlı olub. Başqa sözlə desək, bu cərimələrin hamısı qanunsuzdur və icra oluna bilməz. 5 aprelə qədər karantin rejiminin pozulması ilə bağlı digər cərimələr də bir neçə səbəbdən qanuni sayıla bilməz. Ölkə normal olsa, onlardan biri yetərlidir: karantin rejimi ilə bağlı şərtlərin həddən artıq yayğın olduğu, məhz hansı hərəkətin bu rejimi pozduğu qanundan aydın görünmədiyi halda, insanları hərənin bir cür şərh verdiyi, dartdıqca rezin kimi uzana bilən normalara söykənən qaydaları pozmaqda təqsirli bilib, üzərinə böyük məbləğdə cərimə yükünün qoyulması hüquq dövlətinin prinsiplərinə ziddir.


– Maraqlıdır ki, DİN öz mətbuat xidmətinin rəhbərinin dili ilə maska və əlcəklərdən istifadə etməməyə görə yazılan cərimələrin qanunsuz olduğunu etiraf edir, amma onlar ləğv olunmamış qalıb. Bununla bağlı verilən suala DİN rəsmiləri belə şərh veriblər ki, qanuna görə, vətəndaşlar qanunsuz saydıqları qərarları məhkəməyə şikayət yolu ilə ləğv etdirə bilərlər.

– Bu da növbəti insanları ələ salmaqdı. Deməli, sən dövlət olaraq kütləvi şəkildə vətəndaşlarını qanunsuz cəzalandırırsan, sonra bunu özün də etiraf edirsən, bu qanunsuzluğu aradan qaldırmaq əvəzinə həmin vətəndaşa deyirsən ki, get məhkəməyə şikayət ver. Bu cür qərarlardan şikayət vermə müddəti 10 gündür. Vətəndaş özü məhkəməyə şikayət vermək adı ilə çölə-bayır çıxa bilmir, çünki bu adla icazə nəzərdə tutulmayıb. Şikayəti elektron poçtla göndərmək olmur. Məcburdur ki, vəkil tutsun (həm də hər adamın şikayət yazmağa savadı yox); ona azı 100 manat qonorar ödəməlidir ki, işə çıxa bilmək üçün heç olmasa order götürə bilsin. Vəkil yaxşı halda həmin qərarı ləğv etdirə bilsə, adam yenə 100 manatını və xeyli də vaxtını əsəblərini itirir. Pis halda, iş yuxarı məhkəməyə gedəcək və xərclər də uyğun olaraq 2-3 dəfə artacaq. Hansı axmaq gedər buna, ona görə ağlı başında olan adam çətin bu qərarlardan şikayət verə. Məhkəməyə üz tutmaq istəyən adamın hüquq yardımı ilə bağlı məsələlərin həlli – müqavilə bağlaması vəkillə görüşü, qonorar köçürmək üçün hüquq məsləhətxanasına təşrif buyurması və s. karantin qaydalarında bayıra çıxması üçün icazə verilən halların arasında yoxdur. İmkansızlıq və ya başqa səbəbdən vəkilsiz öz işini məhkəməyə çıxarmaq istəyən şəxsin də işi də asan deyil. Əvvəla, şikayətini (əlavə olunan sənədlərlə birgə) məhkəməyə şəxsən təqdim etmək istəyən adama karantin qaydaları bu haqqı tanımır. Onu onlayn göndərmək olmaz. Dövlət öz işini elə qurmamalıdır ki, vətəndaş öz haqqını reallaşdırmaq üçün qanunları pozmağa məcbur olsun. Hələ o məsələyə toxunmuram ki, – bu, ayrıca söhbətin mövzusudur, – karantin rejiminin (faktiki fövqaladə vəziyyətin) tətbiqi qanunverciliyin kobud şəkildə pozulması yolu ilə həyata keçirilib. Haqlarımıza əksər hallarda əsassız və adekvat olmayan müdaxilələrə yol açan bu məhdudiyyətlərin legitimliyini Avropa Məhkəməsində mübahisələndirənlər az olmayacaq, əminəm…

Ana səhifəSiyasət“Əgər yardımlaşma kampaniyaları olmasaydı, durum çoxdan nəzarətdən çıxmışdı”