Aksiyada digər fəalların da iştirakı gözlənilir
Hazırda Gürcüstanda həbsdə olan Əfqan Sadıqovun ailəsi Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Etiraz simvolik olaraq Azərbaycanda BMT-nin dəstəklədiyi COP29 İqlim Dəyişikliyi Konfransının açılışı ilə üst-üstə düşür.
Ailəsinin Meydan TV-yə verdiyi məlumata görə, aksiyanın məqsədi ictimai diqqəti siyasi məhbusların Azərbaycanda yaşadıqları ağır şəraitə cəlb etmək, o cümlədən Əfqan Sadıqovun uzun illər işgəncə və təqiblərə məruz qalmasından danışmaqdır. Etiraz aksiyasını bir çox fəalın dəstəkləyəcəyi bildirilir.
Gürcüstanda Sadıqovlar ailəsinin maraqlarını Sosial Ədalət Mərkəzi təmsil edir. Əfqan Sadıqov Gürcüstandan Azərbaycana ekstradisiya ilə üzləşən azərbaycanlı jurnalist və redaktordur. O, avqustun 3-dən həbsdədir və 50 günə yaxındır ki, quru aclıq aksiyası keçirir. Yaxınlarının dediyinə görə, bu, səhhətinin ciddi şəkildə pisləşməsinə və 35 kiloqram çəki itirməsinə səbəb olub.