Əfqan miqrantlar Türkiyədən və qonşu ölkələrdən öz ölkələrinə deport olunur

Son həftələr Türkiyədən 4 minədək əfqanın deportasiya olunduğu bildirilir.

Ankara bildirib ki, Kabilə xüsusi reyslərlə 3 min 900-dək əfqan yola salınıb. Əfqanlar qonşu Pakistan və İrandan da deportasiya olunmaqdadır. Son bir ayda bu iki ölkədən 400 min əfqanın repatriasiya olunduğu xəbər verilir.

Taliban rejimi dövründə çətinləşən həyat şəraiti əfqan miqrantların daha yaxşı həyat ümidi ilə ölkələrindən qaçmasına səbəb olub. Onlar özəlliklə qonşu ölkələrə üz tutublar. Bəzi əfqanlar Türkiyədən sığınacaq istəyib, burada iş tapıb, bəziləri isə qonşu Yunanıstana, oradan da Avropa İttifaqının digər ölkələrinə keçmək üçün marşrut kimi istifadə ediblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Türkiyədə dünyanın ən böyük qaçqın icmalarından biri yerləşir. Bu ölkədə 3.6 milyon suriyalının, 300 mindən çox digər millətlərdən, əsasən əfqanlardan ibarət qaçqınların yaşadığı bildirilir.

Türkiyə ötən il 50 minədək əfqanı öz ölkəsinə deportasiya edib.

“Human Rights Watch” Beynəlxalq İnsan Haqları təşkilatı 2022-ci il hesabatında Ankaranı, əsasən, sənədsiz olan 10 minlərlə əfqanı mütəmadi olaraq İranla quru sərhədinə yönəltdiyinə, onların beynəlxalq qoruma üçün müraciətlərini az hallarda, yaxud heç nəzərə almadığına görə tənqid edib.

Ana səhifəVideoƏfqan miqrantlar Türkiyədən və qonşu ölkələrdən öz ölkələrinə deport olunur