“Cavab qanunvericiliyə ziddir və jurnalist kimi mənim hüquqlarım Ədliyyə Nazirliyi tərəfindən pozulur”
Ədliyyə Nazirliyi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevlə görüşünün təşkilindən imtina edib.
Məktub oktyabrın 15-də ədliyyə naziri Fikrət Məmmədovun adına göndərilib. Məktubda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 22.2-ci maddəsinə uyğun olaraq İntiqam Əliyevlə jurnalist qismində görüş üçün şərait yaradılması xahiş olunub. Bu maddə icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) icazəsilə jurnalistlərə məhbuslara başçəkmə hüququ verir.
Penitensiar Xidmətin rəis müavininin vəzifəsini müvəqqəti icra edən Rafiq Ramazanovun imzaladığı cavab məktubunda deyilir ki, jurnalistin müraciəti “İctimai iştirak haqqında” qanunun tələblərinə “uyğun olmadığına”, eləcə də qohumluq əlaqələrinin olmadığına və digər əsaslara görə görüş üçün şərait yaradılması arzuolunan deyil.
“Cavab qanunvericiliyə ziddir və jurnalist kimi mənim hüquqlarım Ədliyyə Nazirliyi tərəfindən pozulur. “İctimai iştirak haqqında” qanuna isnad yersizdir. Mən cənab Ramazanovun isnad etdiyi qanunun əsas məqsədi olan hakimiyyət orqanı üzərində ictimai nəzarəti həyata keçirmək və ya Ədliyyə Nazirliyinə, yaxud digər dövlət orqanına məsləhətlər hazırlamaq üçün görüş istəməmişəm. Sadəcə, tanınmış məhbusla görüşmək və məni maraqlandıran mövzular ətrafında söhbət etmək istəmişəm. Bu, mənim hüququmdur, ölkə qanunlarının mənə verdiyi hüquq”, – Mehman Əliyev bildirib.
M.Əliyevin fikrincə, Ədliyyə Nazirliyi jurnalist kimi onun informasiya əldə etmək hüququnu pozub.
“Mən Ədliyyə Nazirliyinin bu yanaşmasını seçici hesab edirəm. Mən əvvəllər də islah müəssisələrində jurnalistlər Qənimət Zahid, Rauf Arifoğlu, Eynulla Fətullayev və Müşfiq Hüseynova baş çəkmişəm”, – M.Əliyev qeyd edib.