Ədəbiyyat və sənət adamları Tofiq Yaqubluya görə birgə bəyanat imzalayıblar

Tofiq Yaqublu – Foto: Facebook şəxsi arxivindən

Vəkili: “Tofiq Yaqublunu görüşə müəssisə işçiləri qolundan tutaraq gətirdilər”

30 gündür həbsinə etiraz olaraq ölüm aclığı edən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun vəziyyətinin ağırlaşdığı bildirilir.

Qızı Nigar Həzi bildirib ki, vəkili Aqil Layıc aprelin 30-da müalicə müəssisəsində Tofiq Yaqublu ilə görüşüb.

Vəkilin sözlərinə görə, Yaqublu halsız olduğu üçün görüş çox qısa çəkib.

“Onu görüşə müəssisə işçiləri qolundan tutaraq gətiriblər. Tofiq Yaqublu artıq qarabasmalar görür, huşunu, yaddaşını itirir. Bir sözlə, Tofiq Yaqublu ölüm astanasındadır. Amma hələ də həkimi Adil Qeybulla müayinə üçün müəssisəyə buraxılmır. Bu bir qətldir! Penitensiar Xidmət, Tofiq Yaqublunun həyatına görə məsuliyyət daşıyırsınız”, – Nigar Həzi bildirib.

Məsələ ilə əlaqədar Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bir sıra ədəbiyyat, musiqi və kino adamının Tofiq Yaqublu ilə bağlı birgə bəyanat yaydığı bildirilir.

Bəyanatı Ayaz Arabaçı, Murad Köhnəqala, Kəramət Böyükçöl, Rasim Qaraca, Əsəd Qaraqaplanın da olduğu ümumilikdə 42 nəfər imzalayıb.

“Tofiq Yaqublu bir Qarabağ qazisi olaraq bizim hamımızın, bütünlükdə Azərbaycanın dəyəridir. Bu torpaqlar uğrunda savaşmış bir qazi kimi ona sahib çıxmalıyıq. Necə ki, o bizim dəyərlərimiz uğrunda, bizim uğrumuzda könüllü olaraq Qarabağ savaşına qatılıb, indi də bizim haqlarımız və rifahımız uğrunda azadlığından olub. Bu gün hamımız bir olub, haqsız həbsi üçün ölüm aclığına başlayan qazimizi yalnız buraxmamalı, ona dəstək olmalı, azadlığına qovuşması üçün əlimizdən gələni etməliyik. Vicdanı olan hər kəsdən xahiş edirik, Tofiq Yaqublunun azadlığı üçün birlikdə Prezident İlham Əliyevə bir müraciət imzalayaq, onun ölkə qarşısında olan xidmətlərini nəzərə alaraq tezliklə azadlığa buraxılmasını təmin etməsini istəyək”, – bəyanatda deyilir.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.

Tofiq Yaqublunun apelyasiya məhkəməsi isə mayın 6-na təyin olunub.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.

Tofiq Yaqublunun həbsi ilə əlaqədar beynəlxalq reaksiyalar da artmaqdadır.

ABŞ Konqresinin üzvü Eleanor Holmes Norton “X” hesabında yazdığı postda Prezident İlham Əliyevi Tofiq Yaqublunu azad etməyə çağırıb.

Norveç Helsinki Komitəsi də yaydığı bəyanatda Tofiq Yaqublunu azad etməyə çağırıb.

Almaniyanın AŞPA-da təmsil olunan deputatı Frank Şvabe də Tofiq Yaqublu ilə bağlı narahatlıq ifadə edib.

Dünya Azadlıq Konqresi də Tofiq Yaqublu ilə əlaqədar qətnamə qəbul edib. Konqres Yaqublunun həbsini pisləyib və onun dərhal sərbəst buraxılmasını tələb edib.

Ana səhifəSiyasətƏdəbiyyat və sənət adamları Tofiq Yaqubluya görə birgə bəyanat imzalayıblar