Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF) “Toplum TV işi” ilə bağlı çıxarılan hökmü pisləyən bəyanat yayıb.
Mərkəz bəyanatında bildirib ki, çıxarılan ağır hökmlər müstəqil jurnalistikaya qarşı davam edən təzyiqlərin kəskin şəkildə artmasını təmsil edir və ölkədə onsuz da daralmaqda olan azad və tənqidi medianın fəaliyyətini daha da məhdudlaşdırır:
“Bu ittihamlar müstəqil media qurumlarının xarici maliyyələşməyə çıxışını faktiki olaraq məhdudlaşdıran Azərbaycanın sərt media qanunvericiliyindən qaynaqlanır. Maliyyələşmə mexanizmlərinin kriminallaşdırılması hakimiyyətin müstəqil jurnalistikanı hədəf almaq və tənqidi səsləri batırmaq üçün istifadə etdiyi bir təzyiq vasitəsinə çevrilib”.
ECPMF qeyd edir ki, Azərbaycanda müstəqil medianın gələcəyi getdikcə qeyri-müəyyən hala doğru gedir:
“Bu məhkumluq qərarları Azərbaycan hakimiyyətinin müstəqil jurnalistikanı susdurmaq üçün məhkəmə-hüquq sistemindən istifadə etməsinin növbəti nümunəsi hesab edirik. “Toplum TV işi” müstəqil mediyaya – o cümlədən “Abzas Mediaə, “Meydan TV və “Kanal 13” kimi kütləvi informasiya vasitələrinə qarşı həyata keçirilən genişmiqyaslı repressiya dalğasının tərkib hissəsidir. Bu prosesdə jurnalistlər uzunmüddətli həbs qətimkan tədbirləri, məhkəmə təqibləri və siyasi motivli ittihamlarla üz-üzə qalırlar”.
Təşkilat Azərbaycan hakimiyyətini peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbs edilmiş bütün jurnalistləri və media işçilərini dərhal azad etməyə, siyasi motivli hökmləri ləğv etməyə və müstəqil mediaya qarşı təqibləri dayandırmağa çağırır.
ECPMF bəyanatında qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı, Avropa Şurası və ATƏT, Azərbaycanın söz azadlığının, media plüralizminin və jurnalistlərin həbs olunmaq qorxusu olmadan işləmək hüquqlarını qorunması ilə bağlı öhdəliklərinə görə məsuliyyət daşımasını təmin etməyə davam etməlidir.
İyulun 27-də Toplum TV əməkdaşlarına hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.