Məlumatı sabiq birinci katibin oğlu yayıb
Azərbaycan SSR Kommunist Partiyasının (1988-1990-cı illər) birinci katibi olmuş Əbdürrəhman Vəzirovun vəfat etdiyi bildirilir.
Bu barədə oğlu Eldar Vəzirov məlumat yayıb.
O deyib ki, 91 yaşlı sabiq birinci katib yanvarın 10-da səhər saatlarında Moskvada vəfat edib.
Əslən şuşalı olan Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakıda doğulub.
1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbi bitirib və Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olub.
1956-1959-cu illərdə Azərbaycan Mərkəzi Komitəsinin Ümumxalq Komsomoluna rəhbərlik edib, eyni zamanda 1971-1974-ci illərdə Gəncə (Kirovabad) şəhərinin birinci katibi vəzifəsində çalışıb.
Ə.Vəzirov SSRİ-nin Hindistanda konsulu, Nepalda və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.
1988-ci ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi təyin edilib.
Əbdürrəhman Vəzirov son illər yayımlanan müsahibələrində 1990-cı il yanvar ayının 20-də sovet silahlı qüvvələrinin Azərbaycana daxil olmasından iki gün əvvəl istefa verərək Moskvaya getdiyini bildirmişdi. Bununla da siyasi fəaliyyətini dayandırdığını qeyd etmişdi.