Əbdül Əbilov bibər qazından xəsarət alıb

Bloqçu Əbdül Əbilovun məhkəmə prosesi öncəsi düşən mübahisə zamanı əli bibər qazından yanıb.

Source:


Bloqçu Əbdül Əbilovun məhkəmə prosesi öncəsi düşən mübahisə zamanı əli bibər qazından yanıb.

İyulun 21-də Bakı Apelyasiya Məhkəməsində proses başlamazdan, nəzarətçilər hakimi çölə çağırıb və məhbusların əlbəyaxa olduğunu bildiriblər.  Məlum olub ki, məhkəmənin gözləmə otağında Əbdül Əbilovla eyni dəmir barmaqlıqlar arasında olan iki təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Nəzarətçilər onları sakitləşdirmək üçün içəri gözyaşardıcı qaz sıxıblar. Nəticədə Ə.Əbilovun gözləri qızarıb və əlinin üstü yanıb.

“Hüquqlarını müdafiə etdiyim şəxsin heç bir aidiyyatı olmadığı halda məruz qaldığı insidentin araşdırılmasını tələb edirəm”-deyə, vəkil Xalid Bağırov məhkəmə zamanı  hakimə müraciət edib.

Prokuror araşdırmanın təmin edilməsinə ehtiyac olmadığını, bu məsələnin Penitensiar Xidmətin səlahiyyətində olduğunu bildirib. Hakimlər də yerində müşavirə edərək, məhbuslara qaz sıxılması olayının nazirlik tərəfindən araşdırılacağını açıqlayıblar.  Daha sonra hakim Ə.Əbilovdan prosesdə iştirak edib-edə bilməyəcəyini soruşub. Ə.Əbilovun anası oğlunun oruc tutduğunu, halının pis olduğunu desə də, bloqçu prosesin davam etdirilməsini istəyib.

Vəkil X.Bağırov məhkəmə qarşısında iki vəsatət qaldırıb. Şahid ifadələrində bəzi uyğunsuzluqlar olduğunu bildirən vəkil məhkəmədən yenidən istintaq aparılmasını təmin etməsini xahiş edib. Lakin prokuror hakimdən bu vəsatətin təmin olunmamasını istəyib. Prokuror qeyd edib ki, vəkilin qaldırdığı vəsatətlər əsaslandırılmayıb. Hakim yenidən istintaq aparılmasına ehtiyac olmadığına qərar verib.

Proses avqustun 4-ü saat 12:00-a təxirə salınıb.

Əbdül Əbilov jurnalistlərə bildirib ki, bir neçə həftədir ki, ona “Yeni Müsavat” qəzeti verilmir.

Ana səhifəXəbərlərƏbdül Əbilov bibər qazından xəsarət alıb