“Xidməti araşdırma aparılıb”
DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış videogörüntülərə reaksiya verib.
Videoçəkiliş “Sədərək” Ticarət Mərkəzinin yaxınlığındakı dairədə aparılıb. Videonu çəkən şəxs Dövlət Yol Polisi əməkdaşlarının dairədə ardıcıl olaraq dönmə əməliyyatı etdiklərini, dairədə bilərəkdən sürəti azaltdıqlarını və sürücüləri çaşdırıb, cəriməyə cəlb etmək üçün avtomobil yaxınlaşarkən sürətlərini artırdıqlarını deyib və belə hallardan birini qeydə alıb.
“Report” saytının məlumatına görə, videogörüntüləri izah edən Dövlət Yol Polisi xidməti araşdırılma aparıldığını bildirib.
“Araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib. Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib”.
Yol Polisinin məlumatın görə, araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb.