Dünya liderləri HƏMAS rəhbərinin ölümünə reaksiya verib

Yəhya Sinvar, foto: reuters

“Qəzzada insanların iztirabları nəhayət, sona çatmalıdır”

Dünya liderləri HƏMAS lideri Yəhya Sinvarın ölümünə reaksiya veriblər. “Reuters” məlumatına görə, ABŞ Prezidenti Co Bayden hesab edib ki, bu hadisə Qəzzada müharibəni başa çatdırmaq üçün fürsətdir:

“Bu an bizə Qəzzada müharibəni nəhayət, başa çatdırmaq fürsəti verir. İsrailin təhlükəsiz olması, girovların azad edilməsi, Qəzzada iztirablara son qoyulması və Fələstin xalqının ləyaqət, təhlükəsizlik və azadlıq hüququnu həyata keçirməsi üçün bu müharibə başa çatmalıdır. HƏMAS hakimiyyətdə olmadan növbəti günə başlama vaxtıdır”.

“Yəhya Sinvar bütün bu məqsədlərə çatmaq üçün keçilməz bir maneə idi. Bu maneə artıq yoxdur. Amma hələ çox iş görməliyik”, – Bayden deyib.

Kanadanın Baş naziri Castin Trudo da Sınvarın ölümünün müharibənin bitməsinə təsir edəcəyini düşünür:

“Bu gün onun qurbanları və onların ailələri üçün ədalət bərqərar olacaq. Sinvarın ölümü terror səltənətinə son qoyacaq”.

Fransa Prezidenti Emmanuel Makron:

“Bu gün qurbanlar, onların arasındakı 48 soydaşımız və onların yaxınları haqqında emosiya ilə düşünürəm. Fransa HƏMAS-ın hələ də saxladığı bütün girovların azad edilməsini tələb edir”.

Almaniyanın xarici işlər naziri Annalena Berbok:

“Həmas indi bütün girovları azad etməli və silahlarını yerə qoymalıdır, Qəzzada insanların iztirabları nəhayət, sona çatmalıdır”.

İtaliyanın Baş naziri Giorgia Meloni:

“Mən əminəm ki, indi yeni mərhələ başlamalıdır: bütün girovları azad etmək, dərhal atəşkəs elan etmək və Qəzzada yenidənqurma işlərinə başlamaq vaxtı çatıb”.

Yəhya Sinvar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun əsas təşkilatçısı və ideoloqu hesab olunur. Onun oktyabrın 17-də Qəzza zolağında öldürüldüyü bildirilir.

Ana səhifəXəbərlərDünya liderləri HƏMAS rəhbərinin ölümünə reaksiya verib