Ölüm hallarında da kəskin artımın olduğu deyilir
Dünyada son bir həftə ərzində yeni koronavirusa (COVİD-19) yoluxma hallarının 6,5 milyonu ötdüyü bildirilir.
Bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon çoxdur.
Bildirilir ki, koronavirusdan ölüm hallarında da kəskin artım var.
Avropada yeni dalğa
Avropada yoluxma sayında növbəti dəfə artım müşahidə edilir. Ən çox yoluxma Almaniyadadır. Ölkədə gündəlik yoluxanların sayı 140 mindən çoxdur.
Ötən həftə regionda yoluxma hallarına görə birinci yerdə olan Fransada isə hazırda cüzi azalma müşahidə edilir. İtaliyada yoluxanların sayı 120 mindir.
Latın Amerikasında sabitləşmə
Latın Amerikasında infeksiyanın yayılma sürəti sabitləşib. Ötən həftə Meksikada hər gün təxminən 30 min yoluxma qeydə alınıb ki, bu da fevral ayının səviyyəsinə uyğundur. Ən yüksək göstəricilər hələ də – təxminən 70 min insana covid diaqnozu qoyulan Braziliyadadır.
Bu rəqəm üç həftədir qeydə alınır. Kolumbiyada yeddi gündə yoluxma 10% artıb. Sutka ərzində 3,5 minə yaxın yoluxma aşkarlanır. Çilidə isə 20% azalma var.
Asiyada yeddinci dalğa
Asiya ölkələrində COVİD-19-un yeddinci dalğasının olduğu bildirilir. Yaponiyada son günlərdə 100 mindən çox yoluxma qeydə alınıb ki, bu da pandemiyanın bütün dövrü üçün ən yüksək göstəricilərdəndir.
Ötən həftə ilə müqayisədə artım demək olar ki, iki dəfə artıb.
Cənubi Koreyada hər gün 40 min adam virusa yoluxur. Hindistanda isə artım dayanıb. Ölkədə ikinci həftədir ki, 20 minə yaxın insan xəstələnir.
Ölüm sayında artım
Dünyada son yeddi gündə COVID-19-dan 17,6 min nəfər ölüb. Bu da öncəki həftə ilə müqayisədə 6,1 min nəfər çoxdur. ABŞ ölüm göstəricilərinə görə birinci yerdədir. Braziliyada da ölüm nisbəti təxminən eyni səviyyədədir.
Ölüm halları Avropa ölkələrində 30-50% artıb. İspaniya, İtaliya və Almaniyada hər gün təxminən 110-120 nəfərin virusdan öldüyü bildirilir. Yayın əvvəlində ölüm halları dörd dəfə az olub.
Koronavirus 2019-cu ilin sonunda ilk dəfə Çində yayılıb.
2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Hazırda dünyada 567 857 253 adam koronavirusa yoluxub, ölənlərin sayı isə 6 387 812 təşkil edir.