Dünya Bankı Azərbaycanla özünüməşğulluq proqramı üçün kredit sazişi bağlayıb

İqtisadçı əlavə edir ki, xüsusilə də kənd təsərrüfatı üzrə heyvandarlıqla bağlı çox şikayət olur

Foto: Dünya Bankı


İqtisadçı: “layihədə görüləsi ən vacib məsələlərdən biri şəffaflıq və hesabatlığın atırılması yolu ilə korrupsiya ilə mübarizədir”

Dünya Bankı və Azərbaycan hökuməti arasında özünüməşğulluq proqramının genişləndirilməsi ilə bağlı kredit sazişi

imzalanıb

.

Xəbərdə deyilir ki, Prezident İlham Əliyev 2019-cu ildə Davos Dünya İqtisadi Forumunda iştirak etdiyi zaman Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva ilə görüşüb. Bugünkü kreditin alınması həmin görüşdə əldə olunmuş razılığın nəticəsidir.

Layihə işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və həssas qruplardan olan digər şəxslərin işlə təmin edilməsini nəzərdə tutur. Dünya Bankından alınan vəsaitlər hesabına kiçik bizneslərin yaradılması planlaşdırılır.

Layihə 2020-2025-ci illəri əhatə edəcək. Bu müddətdə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur. Onlara ilk növbədə “Öz biznesini başlat və təkmilləşdir” adlı təlimlərdə kiçik biznesə başlamaq üçün müvafiq bilik və bacarıqlar öyrədiləcək. Sonra isə həmin şəxslərin natura formasında aktivlərlə təmin olunmaqla kiçik müəssisələrinin yaradılması və kiçik biznesə yiyələnmələri təmin olunacaq.

22 min şəxsdən 2 min nəfərinin 2020-ci ildə keçiriləcək təlimlərə cəlb edilməsi və aktivlərlə təminatı planlaşdırılır. Ümumilikdə isə bu göstərici də daxil olmaqla, 2020-ci il ərzində Azərbaycanda 12 min nəfərin özünüməşğuluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılacaq. Layihənin sonrakı 4 ilinin hər birində 5 min şəxsin proqrama cəlbi planlaşdırılır.

Layihənin icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi, ünvanlı sosial yardımdan özünüməşğulluğa keçid strategiyasının hazırlanması da nəzərdə tutulur. Eyni zamanda, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi (o cümlədən əmək bazarının qiymətləndirilməsi, Peşə Təlim Mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı strategiyanın hazırlanması, işaxtaranların məlumatlandırılması və s.), layihənin idarəedilməsi, monitorinq və qiymətləndirilməsi də layihənin əsas komponentləridir.

Bu, Azərbaycanda işsiz insanların işlə, təsərrüfatla təmin edilməsi ilə bağlı keçirilən ilk özünüməşğulluq proqramı

deyil

.

Rəsmi məlumatlara görə, 2017-ci ildə Özünüməşğulluq Proqramından 1232 ailə faydalanıb. 2018-ci ildə isə proqrama 35 milyon manat vəsait ayrılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ildə proqramın 7737 nəfəri əhatə etdiyini deyib:

“Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, Özünüməşğulluq Proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”.

2019-cu ildə bu proqrama daha 8000 nəfər cəlb edilib. Yenə 30 milyondan artıq vəsait ayrılıb.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, 2018-ci ildə proqrama cəlb olunmuş ailələrdən 7267- si biznes planlarını uğurla müdafiə edib. Bu da 2017-ci illə müqayisədə 6,5 dəfə çoxdur. Bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunub.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, 2020-ci ilin aprelin 20-dək 2 min 592 nəfər özünüməşğulluq proqramına cəlb edilib. İlin sonunadək 12 minə çatdırılması nəzərdə tutulub. 2 min vətəndaşın Dünya Bankı ilə birgə həyata keçirilən 27 rayon və şəhəri əhatə edən layihə çərçivəsində özünüməşğulluq proqramına cəlb edilməsi planlaşdırılıb:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Özünüməşğulluq proqramında 3 sahə var – kənd təsərrüfatı, xidmət və istehsal sahələri. Vətəndaşlar kənd təsərrüfatı sahəsi üzrə daha çox müraciət edir. Bu layihə inkluzivliyi ilə seçilir. Əlillər, işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və həssas qruplardan olan digər şəxslərin bu proqrama cəlb edilir. Bu baxımdan faydası var. Lakin idarəçilik pis təşkil olunduğundan və şəffaflıq təmin edilmədiyindən layihənin icrasında çoxsaylı yeyintilər də olur”.

İqtisadçı əlavə edir ki, xüsusilə də kənd təsərrüfatı üzrə heyvandarlıqla bağlı çox şikayət olur:

“Bir çox hallarda alınmış mal-qara məhsuldar olmur və biznes üçün yararlı sayılmır. Odur ki, bu layihədə görüləsi ən vacib məsələlərdən biri şəffaflıq və hesabatlığın atırılması yolu ilə korrupsiya ilə mübarizədir”.

Daha öncəki proqramların həyata keçirilməsi zamanı Meydan TV-yə də xeyli insan müraciət edib, onlara təsərrüfat qurmaq üçün xəstə, qısır heyvanlar verildiyini söyləmişdilər. Mediada belə şikayətlər az deyil. Şikayətlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də münasibət bildirmişdi. O, proqramın icrasında problemlərin və manipulyasiyanın olduğunu inkar

etmirdi

. Xəstə, qısır olduğu üçün dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu söyləmişdi:

“Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Ana səhifəİqtisadiyyatDünya Bankı Azərbaycanla özünüməşğulluq proqramı üçün kredit sazişi bağlayıb