Dünya Bankı ölkələr üzrə özəl sektorun fəaliyyəti üçün yaradılan şəraitin keyfiyyətini qiymətləndirən “Business Ready 2025” (B-READY) hesabatını açıqlayıb. Azərbaycan ilk dəfə olaraq bu hesabatda yer alıb. Hesabat üç əsas sütun üzrə qruplaşdırılan 10 mövzunu əhatə edir.
“Tənzimləyici çərçivə” (Regulatory Framework), “Dövlət xidmətləri” (Public Services) və “Əməliyyat effektivliyi” (Operational Efficiency) adlanan bu sütunlar çərçivəsində biznesə giriş, vergi sistemi, rəqabət mühiti, biznesin iflası ilə bağlı qaydaların şəffaflığı və digər bu kimi məsələlər üzrə sahibkarlıq mühiti qiymətləndirilib.
Maraqlıdır ki, Azərbaycanın bir sıra dövlət qurumları hesabatdan yalnız yüksək bal toplanmış mövzular üzrə seçilmiş çıxarışları ictimaiyyətə təqdim etməyə çalışırlar. Lakin bütün alt göstəricilər üzrə aparılan təhlil göstərir ki, ölkəmiz özəl biznes sektorunda şəffaflıq, davamlılıq, bürokratik maneələr, tariflər və digər indikatorlar baxımından Gürcüstandan geri qalır, Erməstanla isə eyni səviyyəni bölüşür.
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də Facebook hesabında rəsmi qurumların yalnız bir müsbət göstəriciyə əsaslanaraq digərlərini görməzdən gəlməsini birtərəfli və alayarımçıq açıqlamalar hesab edir:
“İki gündür ki, RİNN, İKTA və Aztelekom qlobal hesabatlarda internet xidmətləri üzrə yüksək nəticə əldə olunması haqqında məlumatlar açıqlayırlar. Söhbət Dünya Bankının ölkələr üzrə biznes mühitinin əlverişliliyini ölçən “Business Ready (B-READY) 2025” hesabatında Azərbaycanda internetin də daxil edildiyi kommunal xidmətlər sahəsi üzrə qiymətləndirmənin nəticələrindən gedir”.
O qeyd edir ki, adıçəkilən qurumlar, ciddi şəxslər “alayarımçıq, başdansovdu, həm də nəinki reallığı, heç hesabatdakı vəziyyəti dolğun əks etdirməyən bir açıqlama veriblər”:
“İlk öncə müsbət məqamları qeyd etmək istərdim. Hesabatda internet xidməti artıq “Utility Services” – kommunal xidmətlər indikatoruna daxil edilib. Bu indikator üzrə, Azərbaycan həqiqətən də 83.05 bal toplayaraq 25-ci mövqedə qərarlaşıb. Yetərincə yaxşı bir göstəricidir. Hətta mən deyərdim ki, bu indikator üzrə reallıq bundan daha yüksəkdir. Bu göstərici Azərbaycanda infrastrukturun mövcudluğunu, qoşulmanın mümkünlüyünü və əlçatanlığını ölçür. Amma hesabat təkcə bundan ibarət deyil axı”.
Bəs hesabatda Azərbaycanda biznes mühiti necə qiymətləndirilib?
Hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi məlumatlar təqdim olunub. Azərbaycan üç əsas sütun üzrə mümkün 100 baldan topladığı nəticələrə əsasən 2-ci və 3-cü kvintillərdə yer alıb. Belə ki, “Tənzimləyici çərçivə” sütunu üzrə 71,92 bal toplayaraq 32-ci yerdə, “Dövlət xidmətləri” üzrə 62,68 balla 40-cı yerdə, “Əməliyyat effektivliyi” sütunu üzrə isə 63,34 balla 42-ci yerdə qərarlaşıb.
Azərbaycan 10 alt göstərici üzrə ən yüksək nəticəni “kommunal xidmətlər” və “maliyyə xidmətləri” sahələrində əldə edib. Belə ki, ölkəmiz “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87,1 bal, “kommunal xidmətlər” üzrə isə 83,05 bal toplayıb. Ən aşağı göstərici isə müflisləşmə (biznesin iflası) sahəsinə aiddir — 36,09 bal. Bu, ölkədə bizneslərin bazardan çıxış mexanizmlərinin kifayət qədər çevik və şəffaf olmadığını göstərir.
Gürcüstan isə 10 mövzudan 7-si üzrə regionda ən yüksək bal toplayıb və ümumilikdə hesabatda qiymətləndirilən hər üç sütun üzrə ən yüksək kvintildə qərarlaşan 8 iqtisadiyyatdan biri olub. Bu göstəricilər qonşu ölkənin həm biznesə başlama zamanı tətbiq olunan hüquqi qaydalar, həm də dövlət xidmətlərinin keyfiyyəti və onların praktik icrası baxımından regionda lider mövqedə olduğunu göstərir.
Ermənistan isə “biznesə giriş” göstəricisi üzrə 95,95 bal toplayaraq həm regionda, həm də qiymətləndirilən 101 iqtisadiyyat arasında ən yüksək nəticəni əldə edib.

Ekspert Osman Gündüz qeyd edir ki, Azərbaycanın “Əməliyyat effektivliyi” üzrə 63,34 bal toplaması ölkədə tariflərin yüksək olduğunu, eləcə də qiymət və xidmət keyfiyyəti arasında uyğunsuzluğun mövcudluğunu göstərir:
“Bu indikator mövcud xidmətlərin real istifadəsini, “compliance costs” anlayışı çərçivəsində bahalı tarifləri, məcburi minimal paketləri, qiymət–keyfiyyət uyğunsuzluğunu ölçür.
Daha problemli mənzərə isə “Market Competition” (Rəqabətli mühit) göstəricisindədir. Azərbaycan bu indikator üzrə 45.28 bal toplayaraq çox aşağı qrupda qərarlaşıb. “Market Competition” isə bazarda seçim imkanlarını, bazardakı hökmranlığı və qiymətlərin rəqabət yolu ilə formalaşıb-formalaşmadığını ölçür. Aşağı nəticə dominant provayderlər, zəif rəqabət və məhdud seçim deməkdir”.
Onun sözlərinə görə, “Business Ready” 2025 hesabatı göstərir ki, Azərbaycanda internet artıq kommunal xidmət kimi geniş infrastrukturla mövcuddur və bu sahədə göstəricilər yüksəkdir. Lakin qiymətlərin əlçatanlığı, seçim imkanları və real rəqabətlilik baxımından ciddi şəkildə zəif tərəflər mövcuddur.