Layihənin lehinə 351 deputat səs verib
Rusiya Dövlət Duması Ukraynanın Donbas bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı Vladimir Putinə müraciət qəbul edib.
Fevralın 15-də Dumada keçirilən səsvermədə layihənin lehinə 351, əleyhinə isə 16 deputat səs verib. Yalnız 1 deputat bitərəf qalıb.
Məlumatı Rusiya mediası yayıb.
Bildirilir ki, müraciətin mətni məsləhətləşmələr üçün Xarici İşlər Nazirliyinə göndərilməlidir.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, qətnamə dərhal imzalanacaq və dövlət başçısına göndəriləcək.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hələlik DNR və LNR-nin tanınması ilə bağlı rəsmi qərar qəbul edilməyib.
Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb.
Hökumət gücləri aprelin 14-də Donbasda antiterror əməliyyatı keçirib. Sentyabrın 5-də Ukrayna, Rusiya, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası arasında atəşkəs barədə “Minsk protokolu” imzalanıb. Ancaq atəşkəs müqaviləsi uzun müddət qüvvədə qalmayıb.
2015-ci ilin yanvarında Donetsk Beynəlxalq Hava Limanı və Debaltsev şəhəri də daxil olmaqla münaqişə zonası boyunca ağır döyüşlər başlanıb.
2018-ci il aprelin 30-da antiterror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə “Donbasın reinteqrasiyası haqqında” Qanuna uyğun olaraq, birləşmiş güclərin əməliyyatı başlanıb.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçıların nəzarəti altındadır.
Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu bəyan edir.
Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.