DTX: Rusiya-Ukrayna  müharibəsində döyüşən azərbaycanlılar saxlanılıb

Foto: Dövlət Təhlükəsizlik Xidməti

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya ilə Ukrayna arasında davam edən müharibədə iştirak etmiş Azərbaycan vətəndaşlarının saxlanıldığını açıqlayıb. Qurum bildirir ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələrin tərkibində xaricdə döyüşən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX-nin yaydığı məlumata görə, müharibə başlayandan bu yana xeyli sayda Azərbaycan vətəndaşı döyüşlərdə iştirak edib. Onlardan bəziləri həlak olub, bəziləri yaralanıb, bəzilərinin isə itkin düşdüyü və ya əsir götürüldüyü bildirilir.

Məlumatda deyilir ki, aparılan araşdırmalar nəticəsində dörd Azərbaycan vətəndaşının – 35 yaşlı Real Nəbiyev, 33 yaşlı Faris Hüseynov, 32 yaşlı Əli Məmmədov və Murov Mirhəşimlinin Rusiya və Ukrayna tərəfinin nəzarətində olan silahlı birləşmələrdə döyüşdüyü müəyyən edilib. Bu şəxslər 2026-cı ilin yanvarında saxlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərin ailə üzvlərindən münasibət almaq mümkün olmayıb.

Son aylarda bu mövzuda bir neçə rəsmi xəbərdarlıq edilib. Yanvarın 7-də Dövlət Sərhəd Xidməti açıqlayıb ki, 2025-ci ildə xaricdə döyüşmüş altı nəfər saxlanılıb. Lakin həmin şəxslərin konkret hansı ölkədə döyüşdüyü açıqlanmayıb.

Ötən il dekabrın 29-da isə Baş Prokurorluq vətəndaşlara müraciət edərək Rusiya–Ukrayna müharibəsində iştirak etməyin cinayət məsuliyyəti yaratdığını bildirib. Qurum vurğulayıb ki, bu müharibədə iştirak edən azərbaycanlılar arasında ölən, ağır yaralanan və əsir düşənlər var.

Prokurorluğun açıqlamasında qeyd olunub ki, xarici ölkələrin ərazisində silahlı münaqişələrdə iştirak bəzi hallarda xüsusilə ağır cinayət hesab olunur və bu əməllərə görə 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bildirilir ki, artıq bir neçə belə fakt üzrə cinayət işi açılıb, bəzi şəxslər uzunmüddətli həbs cəzasına məhkum edilib, digərləri üzrə isə istintaq davam edir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Hələ də davam edən müharibə nəticəsində hər iki tərəfdən yüz minlərlə insanın həlak olduğu bildirilir.

Ana səhifəSiyasətDTX: Rusiya-Ukrayna  müharibəsində döyüşən azərbaycanlılar saxlanılıb