Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, Baş nazirin sabiq müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və bir sıra digər şəxslərlə bağlı məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, adıçəkilən şəxslər hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdə iştirakı ilə bağlı “əsaslı şübhələr” mövcuddur.
DTX açıqlamasında 2012-ci ildə xaricdə qeydiyyatdan keçmiş “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adlı qurumdan bəhs edilir. Bildirilir ki, rəsmi versiyaya görə, ictimaiyyətdə “Milyarderlər İttifaqı” kimi tanınan bu struktur xarici xüsusi xidmət orqanlarının təşəbbüsü ilə yaradılıb və Azərbaycandakı siyasi proseslərə təsir göstərmək məqsədi daşıyıb.
İttihama əsasən, həmin qurumun həmtəsisçilərindən olan Abbas Abbasov və yazıçı-kinorejissor Rüstəm İbrahimbəyov, eləcə də Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, partiya funksionerləri Fuad Qəhrəmanlı və Qənimət Zahid hakimiyyət dəyişikliyi ilə bağlı razılaşmada iştirak ediblər.
DTX bildirir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Milli Şura” adlı siyasi təşkilat yaradıldıqdan sonra xaricdən maliyyə və təşkilati dəstək alıb. Açıqlamada iddia olunur ki, məqsəd kütləvi iğtişaşlar törətmək, dövlət orqanlarının fəaliyyətini pozmaq və hakimiyyətə təzyiq göstərmək olub.
Məlumata görə, müxtəlif bölgələrdən insanların Bakıya cəlb olunması üçün təxminən 933 min manat vəsait xərclənib. Bu vəsaitin bir hissəsinin Ramiz Mehdiyev və Abbas Abbasov tərəfindən təmin edildiyi bildirilir.
DTX həmçinin iddia edir ki, “Milli Şura” 2013-cü ildə xarici dövlət rəhbərliyinə ünvanladığı gizli məktubda fəaliyyətinə dəstək istəyib və Azərbaycana təzyiq göstərilməsini təklif edib.
Açıqlamada daha bir iddia yer alır, guya Əli Kərimli hakimiyyətə gələcəyi halda Azərbaycanın mərhələli şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması barədə razılaşma əldə olunub.
DTX bildirir ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust–sentyabr aylarında “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənəd hazırlayıb və bu sənəd xarici dildə tərtib edilərək köməkçisi vasitəsilə Əli Kərimliyə təqdim olunub.
Ramiz Mehdiyev eyni zamanda 17 milyon manatdan artıq vəsaitin leqallaşdırılmasında, habelə dövlətə xəyanətdə ittiham edilir.
Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə), 274-cü maddəsi (dövlətə xəyanət), 193-1-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Rəsmi məlumata görə, Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zahid ölkə hüdudlarından kənarda olduqları üçün onların barəsində qiyabi həbs qərarı çıxarılıb.
Ramiz Mehdiyev haqqında ötən ilin oktyabrında ev dustaqlığı qətimkan tədbiri seçilib. Onun köməkçisi Eldar Əmirovun isə həbs edildiyi bildirilir.
AXCP sədri Əli Kərimli və partiya funksioneri Məmməd İbrahim ötən ilin noyabrın 29-da saxlanılıblar.
“Milyarderlər İttifaqı” ilə əlaqələndirilən Rüstəm İbrahimbəyov isə 2022-ci ildə vəfat edib.
AXCP bu ittihamları rədd edir
Açıqlamada adı çəkilən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” hesabında DTX-nin yaydığı məlumata münasibət bildirərək ittihamların həqiqəti əks etdirmədiyini deyib. O bildirib ki, istintaq dövründə verdiyi ifadə təzyiq altında alınıb və sənədlərə məcburiyyət qarşısında imza atıb. Qəhrəmanlı deyib ki, sonradan müstəntiqə ifadəni məhkəmədə inkar edəcəyini və təzyiqə məruz qaldığını açıqlayacağını bildirib. Onun sözlərinə görə, istintaq materiallarında bu məsələnin əks olunmayacağı deyilib.
O hesab edir ki, həmin ifadənin indi ictimailəşdirilməsi siyasi təzyiq məqsədi daşıyır. Qəhrəmanlı mövqeyinin dəyişmədiyini və fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid səsləndirilən iddiaları “nağıl” adlandırıb və yaxın vaxtlarda daha geniş açıqlama verəcəyini bildirib.
AXCP sədrinin müavini Seymur Həzi də ittihamlara münasibət bildirib. O, Meydan TV-yə deyib ki, bu, ilk dəfə deyil ki, hakimiyyət “dövlət çevrilişi” iddiaları ilə çıxış edir.
“AXCP bu ittihamları qəti şəkildə rədd edir. Partiyanın heç bir strukturunda belə məsələlər – hər hansı zorakı və ya qanunsuz hakimiyyət dəyişikliyi ilə bağlı mövzular müzakirə olunmayıb və oluna da bilməz”, – deyə Həzi vurğulayıb.