Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və abadlıq işlərinin satın alınması məqsədilə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb.
Dövlət satınalmalarının vahid internet portalında yer alan məlumata əsasən, tenderin qalibi “Bakımexanizasiyanəqliyyat” Açıq Səhmdar Cəmiyyəti elan olunub. Qurumla qalib şirkət arasında 9 milyon manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Portalda göstərilən məlumatlara görə, “Bakımexanizasiyanəqliyyat” ASC daha əvvəl də Elm və Təhsil Nazirliyinin nəzdindəki həmin idarənin keçirdiyi 3 tenderin qalibi olub. Şirkət müxtəlif illərdə ölkənin bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri üzrə keçirilən satınalmalar çərçivəsində ümumilikdə 16 milyon manatdan çox vəsait əldə edib.
Məlumat üçün bildirək ki, “Bakımexanizasiyanəqliyyat” ASC 1 iyun 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 128 212 manat təşkil edir. Qanuni təmsilçisi Zabir Sadıx oğlu Nağıyevdir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, şirkət inşaat, proqram menecmenti, dizayn inkişafı, tikinti, daxili dizayn menecmenti, yoxlama və keyfiyyətə nəzarət sahələrində xidmətlər göstərir.
Şirkətin rəhbəri Zabir Sadıx oğlu Nağıyev 2015-ci ildən etibarən “Bakımexanizasiyanəqliyyat” ASC-nin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərir. O, şirkətin fəxri sədri Sadıx Nağı oğlu Nağıyevin oğludur.
Qeyd edək ki, Sadıx Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin qardaşıdır.