Palata tövsiyə edir ki nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar
Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı maliyyə pozuntuları aşkarlanıb.
Hesablama Palatasının apardığı yoxlamalar 2020-2022-ci illəri əhatə edib.
Hesabatdan məlum olur ki, dövlət büdcəsindən filmlərin çəkilməsi üçün Mədəniyyət Nazirliyinə 2020-ci ildə 4524,0 min, 2021-ci ildə isə 6520,8 min manat ayrılıb. Məbləğ ümumilikdə 11044,8 min manat edib.
2020-ci ildə pulun 2817,7 min manatı 34 filmin çəkilişinə və 31 tədbirin keçirilməsinə sərf olunub.
2021-ci ildə 6497,7 min manatı 45 filmin çəkilişinə və 40 tədbirin keçirilməsinə sərf olunub.
Ümumilikdə vəsaitin 9315,4 min manatı və ya 84,3%-i 79 film çəkilişinə və 71 tədbirin həyata keçirilməsinə xərclənib.
Qalan 1729,4 min manatı və ya 15,7%-i (o cümlədən 2020-ci ildə 1706281,0 manatı və 2021-ci ildə 23131,0 manatı) ilin sonunda dövlət büdcəsinə qaytarılıb.
Auditin əhatə etdiyi illərdə istifadə edilmiş vəsaitin 17,0%-i 12 özəl studiyanın payına düşüb. Qalan hissəsi isə 6 dövlət studiyası üzrə müxtəlif filmlərə, həmin studiyalar və nazirlik tərəfindən tədbirlərə yönəldilib.
Auditlə dövlət studiyalarından Cəfər Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə”, “Mozalan” kinostudiyaları, həmçinin “Nərimanfilm” kinostudiyası tərəfindən dövlət vəsaiti hesabına çəkilən ümumilikdə 7 filmlə bağlı 2269,4 min manat, həmçinin nazirlik və studiyalar tərəfindən 71 tədbirin həyata keçirilməsi ilə bağlı 2154,2 min manat, ümumilikdə isə 4423,5 min manat məbləğində vəsait əhatə olunub.
Bu da büdcədən ayrılan cəmi vəsaitin 47,5%-ni təşkil edib.
Auditin nəticələri ilə bağlı Kollegiya Qərarında Mədəniyyət Nazirliyi tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin maliyyələşdirilməsi və studiyalar tərəfindən istifadəsi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə bu tədbirlərin həyata keçirildiyinin nəzərə alınması təklif olunub:
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunan “Məryəm” filmi təsdiq olunmuş smetasında nəzərdə tutulmadığı halda, post-prodakşn işlərinə nəzarət və işlərin qəbulu üçün düzgün olmayaraq “Sinema Evi” MMC-nin əməkdaşına ödənilmiş və təsdiqedici sənədləri mövcud olmayan ezamiyyət xərclərinə ödənilmiş 4175,0 manat, “Görünməyən qəhrəmanlar” sənədli filmlərinə ayrılmış vəsaitdən qalan və dövlət büdcəsinə qaytarılması təmin edilməyən 5881,74 manat, ümumilikdə 10056,74 manat;
“Debüt” studiyası tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək 16774,0 manat, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 11591,0 manat, ümumilikdə 28365,0 manat, eləcə də müxtəlif xidmətlərin göstərilməsinə dair bağlanmış 4 müqavilə çərçivəsində yerinə yetirilməyən öhdəliklər üzrə ödənilmiş 15530,0 manat, studiya üzrə cəmi 43895,0 manat;
“Debüt studiyası” MMC tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək 3545,0 manat, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 4265,0 manat, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 175,0 manat, ümumilikdə 7985,0 manat;
“Narimanfilm” kinostudiyası tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək 3669,53 manat ödənilməmiş vəsait;
“Filming Azerbaijan” MMC ilə fiziki şəxs arasında kompüterlər üçün ehtiyat hissələrinin alınmasına dair bağlanmış müqavilə çərçivəsində yerinə yetirilməyən öhdəliyə görə ödənilmiş 4990,0 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;
“Azərbaycanfilm” kinostudiyası tərəfindən çatışmazlıq müəyyən edilmiş 9005,76 manat məbləğində aktivlər üzrə 645,46 manat məbləğində aktivin natura formasına bərpası, 1006,54 manat məbləğində aktivin 29.12.2021-ci il tarixində silinməsi ilə bağlı aktın təqdim edilməsi, 5890,56 manat məbləğində aktivin nazirliyin 05.10.2021-ci il tarixli razılıq məktubuna əsasən istehsalın dayandırılması səbəbindən yenisi ilə əvəz olunması, 1463,2 manat məbləğində aktivin isə inventarizasiya zamanı texniki səhv nəticəsində qeyd edilməməsi və hal-hazırda bu avadanlıqların anbarda olması ilə bağlı arayışın təqdim edilməsi;
“Filming Azerbaijan” MMC tərəfindən ödənilməmiş dövlət öhdəlikləri üzrə ümumilikdə 48286,3 manat məbləğində vəsaitin müvafiq bəyannamələrdə əks olunması;
Vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə müvafiq məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilməsi təklif edilir.
Auditin nəticəsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilməsi təklif edilir.
Auditin nəticələri ilə bağlı Kollegiya Qərarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən:
1.1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, kinematoqrafiya sahəsi, o cümlədən dövlət sifarişi ilə filmlərin çəkilməsi ilə bağlı fəaliyyəti tənzimləyən hüquqi aktların müasir çağırışlara və beynəlxalq təcrübəyə uyğun olmaqla təkmilləşdirilməsinin;
1.2. dövlət sifarişi çərçivəsində filmlərin çəkilməsi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun fəaliyyətin təşkilinin;
1.3. “Bakı Media Mərkəzi” MMC ilə bağlanmış 2999560,0 manat məbləğində müqavilə çərçivəsində 146878,14 manat dəyərində aktivlərin müvafiq qaydada uçota alınması, 7680,0 manat məbləğində debitor borc kimi uçota alınaraq bağlanması, bu müqavilə çərçivəsində alınmış 786290,64 manat dəyərindən aktivlərin balansa götürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin;
1.4. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 27.7-ci maddəsinə uyğun olaraq, bu Qərarın icrası, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Auditor hesabatında qeyd olunan nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməsinin və görülmüş işlər barədə 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Hesablama Palatasına məlumat təqdim olunmasının əks etdirilməsi tövsiyə olunur.