Dövlət Departamenti: Azərbaycan dini azadlıqların kobud şəkildə pozulduğu ölkələrdəndir

Hesabatda deyilir ki, ötən il Azərbaycanda heç bir qeyri-müsəlman icması qeydiyyatdan keçirilməyib

Azərbaycan dini azadlıqların kobud şəkildə pozulduğu ölkələr sırasındadır.

Səbəblər sırasında əsasən, dini etiqad və ya təcrübələrinə görə həbslər, məhkəmə iddiaları, sıxışdırmalar göstərilib.

ABŞ Dövlət Departamentinin mayın 15-də yaydığı “2022-ci ildə Beynəlxalq Din Azadlığı” hesabatında belə bildirilir.

Hesabatı təqdim edən ABŞ dövlət katibi Entoni C. Blinken (Antony Blinken) Kanada və Avropa Birliyi ölkələrində islamofobiyaya qarşı ofislər qurulmasını müsbət hal adlandırıb. Həmçinin Xorvatiyanın antisemitizmə qarşı ilk xüsusi məsləhətçi təyin etməsinin alqışlayıb.

O, təəssüflə qeyd edib ki, hesabatda həm də narahatedici halların güclənməsi ilə bağlı faktlar sənədləşdirilib.

Dünyanın bir çox yerindəki hökumətlər işgəncə, döyülmə, qanunsuz nəzarət də daxil olmaqla bir çox metoddan istifadə edərək dini azlıqları təqib etməyə davam edib. Həmçinin dini azlıqları müəyyən peşələrdən kənarlaşdırmaq, onları dini ayinlər zamanı işləməyə məcbur etmək kimi ayrı-seçkilik halları da olub”, – Blinken bildirib.

Antonu Blinken
Mənbə: https://anca.org/

Hesabat müəllifləri də qeyd edirlər ki, dünyada din azadlığının vəziyyəti mükəmməllikdən uzaqdır.

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədəki azadlıq şəraiti neqativ qiymətləndirilib.

 “Din Azadlığı Qanunu”na əsasən, Azərbaycan bu sahədə azadlıqların kobud şəkildə pozulduğu ölkədir və Xüsusi Nəzarət Siyahısına salınıb.

Siyahıda Azərbaycanla yanaşı, Türkiyə, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Şri Lanka və Özbəkistan da var.

Departament bildirir ki, bu ölkələrdə dini azlıqlar sıxışdırılır, onlara qarşı dözümsüzlük, təqib var.

Azərbaycanla bağlı hissədə o da bildirilir ki, hökumət son zamanlar dini fəaliyyətə nəzarəti daha da gücləndirib.

“Azərbaycan qanunları ölkədə fəaliyyət göstərən bütün dini icmaların dövlət qeydiyyatından keçməsini tələb edir. Həmçinin onların istifadə etdiyi dini ədəbiyyata və başqa materiallara hökumətin icazəsi tələb olunur. Bundan əlavə, Prezident İlham Əliyevin martda din qanununa etdiyi yeni düzəlişlərlə imamların təyinatı Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib. Bununla da hökumət dini işlərə müdaxiləni rəsmiləşdirib”, – hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, 2022-ci ilin sonunda Azərbaycanda dini inancına görə 22 nəfər həbsdə olub.

Yerli insan haqları qruplarının məlumatına görə, dini fəallar haqsız yerə həbs edilir, onlar xarici ölkələrlə əlaqələndirilir, onlara qarşı narkotik ittihamları irəli sürülür”.

Hesabat müəllifləri bildirir ki, bütün bunlar da həbslərin siyasi motivli olduğunu göstərir.

“Bu yaxınlarda dövlət xəyanətində ittiham olunan İran təhsilli Sərdar Babayevin ilkin həbs müddəti uzadılıb. Yerli hüquq müdafiəçiləri  bu nümunədə də hökumətin təqibinin səbəbini onun dini fəaliyyətindən qaynaqlandığını bildiriblər”.

Hesabatda həmçinin deyilir ki, Azərbaycan hakimiyyəti “hökumətin ekstremist qrup kimi xarakterizə etdiyi və İrandan maliyyə almaqda ittiham etdiyi qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatının həbs edilən üzvlərinə qarşı məhkəmə iddialarını davam etdirib:

“Şiə imam Mirseymur Əliyev Ramazan ibadətini dövlətin təyin etdiyi gündən fərqli gündə apardığına görə vəzifəsindən çıxarılıb. Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti üçün 65 yaş hüdudu müəyyən edib. Ötən il Azərbaycan boyunca 20-dək müsəlman ibadətin şəxsi evlərdə aparılmasına və dini mərasimlərdə uşaqların iştirakına görə reydlər, dini ədəbiyyatın müsadirəsi və cərimələrlə üzləşib”.

Qafqaz Müsəlmanları İdarəsi
Foto: Meydan TV

ABŞ Dövlət Departamenti həmçinin vurğulayır ki, Azərbaycanın paytaxtında dini azlıq nümayəndələrinə qarşı pozitiv dəyişikliklər hiss edilib:

Lakin paytaxtdan kənar ərazilər üçün eynisini söyləmək mümkün deyil”.

Hesabatda bildirilir ki, məsələn, ötən il Azərbaycanda bir dənə də olsun qeyri-müsəlman icması qeydiyyatdan keçirilməyib. Nəticədə, protestant xristianların və Yəhova şahidlərinin fəaliyyəti qeyri-legitim sayılıb.

Sənəddə Azərbaycanda 2009-cu ildə qəbul olunmuş din qanununa yenidən baxılması, sənədin beynəlxalq standartlara və Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması tövsiyə edilir. Qeyd edilir ki, ABŞ bunun üçün rəsmi Bakı ilə işbirliyi aparsa, yaxşı olar.

Həmçinin Qarabağda və ətraf ərazilərdə ibadətgahların,  dini-mədəni obyektlərin bərpası, qorunması üçün ABŞ-ın USAID təşkilatına və Azərbaycandakı ABŞ səfirliyinə xüsusi fond ayrılması tövsiyə edilir.

ABŞ Konqresi dinləmələrində Azərbaycanda din və insan azadlıqlarının pozulması halları barədə narahatlığını dilə gətirməlidir. Bu barədəki iradları ABŞ-dakı Azərbaycan səfirliyinə və Azərbaycan rəsmilərinə çatdırmalı, Azərbaycandakı vicdan məhbuslarının azad olunmasına çalışmalıdır”, – sənəddə vurğulanır.

Ana səhifəSiyasətDövlət Departamenti: Azərbaycan dini azadlıqların kobud şəkildə pozulduğu ölkələrdəndir