Dövlət Departamenti: ABŞ Ermənistan-Azərbaycan sülh sazişini COP29-la “bağlamır”

ABŞ Dövlət Departamenti. Foto: oceanfishing/Shutterstock

“Biz iki ölkə arasında sülh istəyirik, lakin bu, tərəflərdən asılıdır”

ABŞ Azərbaycan və Ermənistan arasında mümkün sülh razılaşmasını BMT-nin COP29 iqlim konfransı ilə heç vaxt əlaqələndirmədiyini açıqlayıb.

Bu barədə oktyabrın 15-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə “Turan”ın suallarını cavablandırarkən bildirib.

“Biz bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasını istəyirdik və sülh sazişinin imzalanmasına təkan verirdik, lakin bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır”, – deyə Metyu Miller əlavə edib.

Sentyabrda Bakı ilə Yerevan arasında münaqişəyə son qoymaq üçün danışıqlar Nyu-Yorkda keçirilib.

Metyu Miller. ABŞ DD-in saytından screenshot

Görüşdə Bakı “siyasi problemləri aradan qaldırmağa” çağırılıb.

Yerevan isə cavab verib ki, həll olunmamış məsələlər olsa da, sülhün COP29-dan əvvəl imzalanması mümkündür.

Dövlət katibi Entoni Blinken isə hər iki ölkəni “mümkün qədər tez” sülh sazişini imzalamağa çağırmışdı.

Oktyabrın 15-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə bildirib ki, Bakı və Yereva sülh sazişini əldə etməyin astanasındadır.

Alen Simonyan artıq 16 müddəa üzrə tam razılıq əldə edildiyini də əlavə edib.

O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallaşdırmağa çağırıb.

Həmçinin bir müddət əvvəl Baş nazir Nikol Paşinyan demişdi ki, saziş layihəsinin 16 müddəasından 13-ü üzrə razılıq əldə olunub, qalan üçü barədə isə qismən razılaşma var.

Azərbaycanın Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən fərqli fikir səsləndirmişdi:

“Ermənistanla sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Ona görə də Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifi qəribə, tamamilə reallıqdan kənardır və bu cür yanaşma presedenti mənə məlum deyil”.

İlham Əliyev onu da demişdi ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan idi və həqiqətən, orada mühüm irəliləyişə nail olunmuşdu:

“Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”.

Ana səhifəSiyasətDövlət Departamenti: ABŞ Ermənistan-Azərbaycan sülh sazişini COP29-la “bağlamır”