Şərif Quliyev: “Yaxşı eləmişik, kimə nə dəxli var?”
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb, 47 gün sonra öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovla bağlı məhkəmə araşdırmaları davam edir. Noyabrın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi oğlu Qorxmaz Quliyev ifadə verib.
Nərminin əynində qırmızı gödəkçə və ön hissəsi dimdikli papaq vardı
1997-ci il təvəllüdlü Qorxmaz Quliyev Gəncədə yaşayır. Lakin 2019-cu il noyabrın 21-də – uşaq itkin düşən gün Dondar Quşçu kəndində olub. Nərmini sonuncu görən qohumlardan biri məhz Qorxmaz Quliyev olub.
O, məhkəmədə ifadə verərkən həmin günü belə xatırlayıb:
“Əmim qızının toyuna görə kəndə getmişdim. Lətif əmimgildə qalırdım. Lətif əmimgillə Arif əmimgil qapıbir qonşudular. Şərif əmimgil isə bir az uzaqdır. Leybə nənəm Lətif əmimgillə birlikdə yaşayır. Həmin gün günorta saat 2 olardı. Leybə nənəm də, Lətif əmim də yatmışdı. Evdə mən və əmim oğlu Ayxan vardı. Bu zaman Nərmin gəldi. Arif əmimgilə gödəkçəni gətirib vermişdi. Sonra da başqa bir gödəkçəni götürmək üçün Lətif əmimgilə keçmişdi. Onu atası – Şərif əmim göndərmişdi. Nərminlə Ayxan sinif yoldaşı idi. Nərmin elə qapıda dayandı, Ayxana dedi ki, gödəkçəni hamamdan ona versin. Həm də Ayxandan soruşdu ki, niyə məktəbə gəlməyib bu gün? Ayxan dedi ki, yatıb qalmışam. Ayxan çıxıb hamamdan gödəkçəni verdi. Evə gəlib mənə dedi ki, bir klyok tap, Nərmin onu qoyub aparsın. Dedim, mən sizin əşyalarınızın yerini bilmirəm axı. Ayxan Nərminin arxasınca həyətə çıxanda artıq getmişdi”.
Qorxmaz Quliyev bildirib ki, həmin gün Nərminin əynində qırmızı gödəkçə və ön hissəsi dimdikli papaq olduğunu xatırlayır.
Bundan əvvəlki məhkəmə iclasında dindirilən böyük bacısı Şəbnəm isə vəkillərin suallarına cavab verərkən bildirmişdi ki, Nərminin ümumiyyətlə, dimdikli papağı olmayıb.
Qorxmaz Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra əmisi qızı Şəbnəm gəlib, bacısının evə qayıtmadığını bildirib, orada olub-olmadığını soruşub. Görəndə ki, yoxdur, çıxıb gedib.
Təxminən iki saat sonra – axşam saat 18 radələrində Şərif Quliyev gəlib, qardaşlarına, onların həyat yoldaşlarına qoşulub, qonşu kənddə başqa bir qardaşı qızının toyaxşamına gedib. Axşam saat 20 radələrində də oradan qayıdıblar.
Qorxmaz Quliyev sualları cavablandırarkən bildirib ki, toyaxşamına gedəndə də, qayıdanda da əmisi Şərif uşağın gəlib çıxmaması haqda heç nə danışmayıb.
Şahid yenidən dindiriləcək
Vəkillər bildirib ki, Qorxmaz Quliyevin məhkəmədəki ifadəsilə istintaqa ifadəsi arasında ciddi ziddiyyətlər var. Müdafiəçilər növbəti məhkəmə iclasında Qorxmaz Quliyevin dindirməsinin davam etdirilməsini, ziddiyyətlərin araşdırılmasını istəyib.
Dondar Quşçu kəndinin sakinləri bu məsələ ilə əlaqədar prezidentə daha bir məktub göndəriblər. Budəfəki məktubda bildirilir ki, Nərmin Quliyeva itkin olduğu müddətdə hüquq-mühafizə orqanları kənddəki evlərə baxış keçirməyib. İlkin Süleymanovun günahsızlığına əminliyini vurğulayan kənd sakinləri bu məhkəmə işinin nəzarətdə saxlanmasını istəyiblər.
Kənd camaatı etiraz edir: “Hardandı bu pullar?”
Proses zamanı Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısında “İlkinə azadlıq!”, “Məhkəmə videoçəkilişlə aparılsın!” kimi şüarlar səsləndirən Dondar Quşçu sakinləri zərərçəkmiş ailədən də narazılıqlarını ifadə ediblər:
“Biz kənd camaatı olaraq, kimin kim olduğunu yaxşı bilirik. Bizim üçün hər iki ailə eynidir. Əgər bilsəydik ki, İlkinin bu işdə zərrə qədər günahı var, nəinki müdafiə etmək, əksinə, özümüz də onun sərt cəzalanmasını tələb edərdik. Amma biz İlkini də tanıyırıq. Nərminin ailəsinin davranışları da gözümüzün qarşısındadır. Bu ailə həddindən artıq sıxıntı içində yaşayıb həmişə. Kənd camaatı onlara əl tutub – kimisi qənd, kimisi düyü, kimisi meyvə verirdi ki, bu üç qızı böyütsünlər. Aynurə (Nərminin anası) kafedə işləyirdi. O uşaqdan sonra ailənin vəziyyəti 180 dərəcə dəyişib. Evlərini yenidən tikmək, qəşəng təmir, artıq Aynurə işləmir, bahalı diş saldırmaq, bahalı geyimlər… Hardandır bu pullar?”
Nərminin atası Şərif Quliyev ailənin maddi durumunun yaxşılaşması haqda jurnalistlərin suallarına sərt reaksiya verib:
“Yaxşı eləmişik, kimə nə dəxli var? Ancaq onların nəsli (İlkin Süleymanovgili nəzərdə tutur) varlı ola bilər, onlar puldan basıb qan batıra bilərlər? Mən necə almışamsa o şeyləri, onlara da elə qismət olsun. Hər şeyə aydınlıq gətirərik, nətər alınıb, hardan alınıb”.
Şərif Quliyevin qayınanası Minayə Məmmədova da müdaxilə edib:
“Hər şeyi onlar üçün özüm eləmişəm. Özüm tikdirmişəm, özüm eləmişəm. Olan bizə olub. Hər şeyi bu gördüyünüz Minayə xanım alıb…”
Məhkəmə prosesi noyabrın 30-da davam edəcək.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.