Donbas üzərində mülki təyyarənin vurulmasında şübhəli bilinənlərin adı açıqlanıb

Hadisədən dərhal sonra “Buk” raket-zenit kompleksi Donbasdan çıxarılaraq, Rusiya ərazisinə aparılıb

Source: Foto: Reuters


İttiham olunanların əksəriyyəti Rusiya vətəndaşlarıdır

“Malayziya Hava Yollarına” məxsus “Boeing” sərnişin təyyarəsinin Donbas üzərində qəzasının səbəblərini araşdıran Birgə İstintaq Qrupu çərşənbə günü hadisəyə görə ittiham etdiyi ilk dörd nəfərin adını elan edib.

Bunlardan üçü Rusiya, biri Ukrayna vətəndaşıdır.

Təyyarə “Buk” raket-zenit kompleksi vasitəsilə vurulub.

Mətbuat konfransında bildirilib ki, ittiham edilənlərdən biri Rusiya vətəndaşı Sergey Dubinskidir. O, “Buk” kompleksinin Rusiyadan Ukraynanın Donbas vilayətinə gətirilməsində ittiham edilir. Dubinski həmin an qondarma “Donbas Xalq Respublikasının” (DXR) hərbi kəşfiyyatının rəhbəri olub.

İstintaqın məlumatına görə, digər ittiham olunan Rusiya vətəndaşı Oleq Pulatov “Buk”u müşaiyyət edib və raket buraxılan zaman qurğunun yanında olub.

İttiham olunanlar arasında üçüncü rusiyalı İqor Strelkovdur (həqiqi soyadı Qirkin). Hadisə günü “DXR”in hərbi qüvvələrinə rəhbərlik edib. Təyyarə qəzasından dərhal sonra o, sosial şəbəkələrdə “DXR” qüvvələri tərəfindən Ukraynaya məxsus təyyarənin məhv edilməsi barədə məlumat yayıb. Təyyarənin mülki təyinatlı olduğu barədə məlumatdan dərhal sonra, İqor Strelkov həmin xəbəri sosial şəbəkələrdən silsə də, istifadəçilər bu paylaşımı “screen” edərək, saxlayıblar.

dnr.jpg
silinən açıqlama

Dördüncü ittiham edilən şəxs Ukrayna vətəndaşı Leonid Xarçenkodur. Ukrayna mətbuatı bildirir ki, Xarçenko digər ittiham edilən Pulatovun tabeliyində olub. İstintaq qrupunun məlumatında deyilir ki, Xarçenko Pulatovla birlikdə “Buk” qurğusunu atəş açılan ərazidə müşaiyət edib.

Bildirilir ki, ittiham olunanlar beynəlxalq axtarışa veriliblər və onların məhkəməsi 2020-ci il martın 9-da Hollandiyada başlamalıdır.

2014-cü ildə Krımın ilhaqından sonra Ukraynanın Donbas və Luqansk əyalətlərində “respublikalar” elan edildilər. Ukrayna rəsmiləri həmin “respublikaların” qondarma olduğunu bəyan edib və Rusiyanı separatçılara hərbi dəstək göstərməkdə ittiham edib. Beynəlxalq birlik dəfələrlə Donbas və Luqansk ərazilərində geyimlərində xüsusi tanınma nişanları olmayan hərbiçilərin əslində Rusiya əsgərləri olduqlarını bildirsə də, rəsmi Moskva bunu təkzib edib.

Malayziya Hava Yolların məxsus “Boeing” sərnişin təyyarəsi Donbas üzərində 2014-cü il iyulun 17-də vurulub. Hadisə nəticəsində təyyarədə olan 298 nəfər həlak olub. Onların əksəriyyəti Niderland vətəndaşları olublar.

Birgə İstintaq Qrupuna Niderland, Malayziya, Avstraliya, Belçika və Ukrayna nümayəndələri daxildirlər. Rusiya tərəfi istintaqın işində iştirakdan imtina edib və ittihamları rədd edib.

Hadisədən dərhal sonra “Buk” raket-zenit kompleksi Donbasdan çıxarılaraq, Rusiya ərazisinə aparılıb.

Ana səhifəDünyaDonbas üzərində mülki təyyarənin vurulmasında şübhəli bilinənlərin adı açıqlanıb