Həbsdə olan AXCP üzvünə prokuror 7 il 6 ay həbs cəzası istədi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Şahin Hacıyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Martın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, Şahin Hacıyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) maddəsilə verilən ittiham məhkəmədə təsdiqini tapıb. İttihama əsasən, Şahin Hacıyevin üzərindən 18 qram narkotik maddə tapılıb.
Lakin Şahin Hacıyev ittihamı rədd edir. O, məhkəmədə bildirib ki, ittiham saxtadır, AXCP üzvü olduğuna və sosial şəbəkələrdə hökumətin siyasətini tənqid etdiyinə görə həbs edilib. Saxlanılarkən və daha sonra Gəncənin Kəpəz Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb. Bu işgəncələr nəticəsində də özünə aidiyyəti olmayan narkotik maddə ilə bağlı etirafedici ifadə verməyə məcbur olub.
Şahin Hacıyev polis şöbəsindən istintaq təcridxanasına köçürülərkən onun üzərində xəsarətlər qeydə alınıb. Bu barədə rəsmi sənəd də var.
Şahin Hacıyevin işgəncə şikayətilə bağlı prokurorluq cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Belə nəticəyə gəlib ki, Şahin Hacıyev yıxılarkən həmin xəsarətləri ala bilərdi.
Prosessual qaydalara görə prokurorun çıxışından sonra təqsirləndirilən şəxsin vəkili çıxış etməlidir. Lakin vəkil Zabil Qəhrəmanov çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Zabil Qəhrəmanov Meydan TV-yə açıqlamasında bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittiham məhkəmədə sübuta yetirilməyib. Vəkil deyir ki, əksinə, məhkəmədə dindirilən şahidlər Bəxtiyar Yusibov, Razi Alışovun ifadələri Şahin Hacıyevə qarşı ittihamın əsassız olduğunu ortaya qoyub.
“Onlar Şahin Hacıyevin necə saxlandığını görüblər. Hətta Bəxtiyar Yusibov baş verənlərlə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə də şikayət edib. Biz bu barədə sənədi də məhkəməyə təqdim etdik”, – vəkil bildirib.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, təşkilat olaraq, Şahin Hacıyevin işi üzrə məhkəmə prosesinin monitorinqini aparıblar:
“Gəldiyimiz nəticə budur ki, Şahin Hacıyevə qarşı ittiham əsassızdır. O, sosial şəbəkələrdə hökumətin yürütdüyü siyasəti sərt tənqid edirdi. Hətta buna görə bir neçə dəfə inzibati qaydada həbs olunub. Bu adam maddi, sosial baxımdan son dərəcə acınacaqlı vəziyyətdə yaşayırdı. Dolanışığa görə evinin soyuducusunu, xalçasını satan adamı narkotacir kimi təqdim edirlər”.
Şahin Hacıyev Gəncədə şahmat məşqçisi kimi fəaliyyət göstərirdi. AXCP də ona qarşı irəli sürülmüş narkotik ittihamının saxta olduğunu, Şahin Hacıyevin sosial media hesabından yazdığı statuslara görə şərlənməklə cəzalandırıldığını bəyan edib:
“Şahin Hacıyevi tanıyan hər kəs onun narkotikdən, ümumiyyətlə, pis vərdişlərdən uzaq biri olduğunu yaxşı bilir. Buna baxmayaraq, siyasi baxışlarına, tənqidi fikirlərinə görə daim təqib və təzyiq altında olub. O, 2021-ci ildə polis tərəfindən bir neçə dəfə saxlanılıb. İki dəfə şərlənərək, 30 sutka inzibati həbs cəzası verilib. Ondan AXCP əleyhinə bəyanat almağa cəhd göstərilib. Son həbsindən iki gün əvvəlki paylaşımına görə isə daha ağır şəkildə cəzalandırmaq – narkotik ittihamıyla cinayət işi başlayıb, uzunmüddətli həbsə göndərmək qərarına gəliblər”.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Şahin Hacıyev konkret əməliyyat məlumatı və fakt əsasında saxlanılıb.