Təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması fərziyyəsi ortaya çıxıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı təhqiqat başa çatana qədər fərziyyə irəli sürməyəcək.
Peskov bildirib ki, istintaqın sonuna qədər gözləmək lazımdır:
“İstintaqın nəticələrindən əvvəl hər hansı fərziyyə qurmaq düzgün olmazdı. Biz, təbii ki, bunu etməyəcəyik və bunu heç kim etməməlidir”, – Peskov brifinqdə bildirib.
Dekabrın 25-də baş verən hadisədən sonra təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması fərziyyəsi ortaya çıxıb.
Qəzanın videogörüntüləri yayılıb və iddia olunub ki, “Embraer 190” təyyarəsinin quyruq hissəsindəki zenit raketinin qəlpə izləridir.
Qazaxıstan hakimiyyəti bu cür fərziyyələri “spekulyasiya” adlandırıb.
AZAL-ın prezidenti Samir Rzayev isə deyib ki, iddialarla bağlı konkret nəsə söyləmək tezdir.
Əlavə edib ki, müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.