Rüzgar Mövsüm

Mənbə: Meydan Tv

Başlıq: Rüzgar Mövsüm

“Divan kişilər” və diktator demokratlar

Məqalə yeniləndi:  23 Mart 2021

“Qatili bağışlamağın özü qatillikdir” - Uilyam Şekspir

Məqaləyə başlayanda bir daha ötən ay intihar etmiş Sevil Atakişiyevanın şəkilinə baxdım və onun özündən savayı, həm də min bir əziyyətlə şərqin ilk cümhuriyyətini qurmuşların xatirəsindən utandım. Sevil şəkillərdən elə ümidlə, elə sevgiylə, dünyanı kəşf etmək həvəsilə baxır ki. Amma ümidləri də, sevgisi də, dünyası da ailədəki zorakılığa, ölkədəki cinsi ayrı-seçkiliyə görə məhv oldu. Bu gün demokratik adlandırdığımız dövlətlərin əksəriyyəti hələ qadınlara azadlıq verməmişdən əvvəl onlara səs hüququ və bərabərlik tanımış bir Azərbaycanın varisi indi qadınların ayrı-seçkilik və zorakılıq gördüyü bir Azərbaycan olmamalıydı. Amma təəsüf ki, oldu. Çünki ölkəmizdəki ataşahlığın, ailələrdəki diktaturanın sponsoru Azərbaycan hökumətidir.

Hazırkı hökumət heç vaxt razı olmaz ki, ailələrdəki diktatura, "Ata-ana hər zaman haqlıdır!" mifi dağılsın və evlərdə demokratiya hökm sürsün. Çünki başa düşür ki, ailədə hürr böyüyən gənc azadlığını təkcə evinin sərhədlərində deyil, bütün ölkə içində istəyəcək və bu, belə olmadıqda, mübarizəyə başlayacaq. Odur ki, istər KİV, istərsə də internet trolları vasitəsilə mentaliteti qalxan kimi irəli verib ataşahlığı, konservativliyi, antifeminizmi təbliğ edir. İstənilən bərabərlik bütün avtoritar rejimlər üçün olduğu kimi, bizim hökumət üçün də təhlükədir. Buna görə də ölkədəki rejimi idarə edənlər “Parçala və hökmranlıq et” siyasətinə uyğun şəkildə cəmiyyətin azərbaycanlı bölməsi ilə rus bölməsi, dindarlarla ateistlər, konservativlərlə müasirlər, partriarxal dəyərləri təbliğ edənlərlə feministlər və s. arasındakı fikir müxtəlifliyini qızışdıraraq münaqişəyə çevirirlər.

Ataşahlıq həyatda istər insan, istərsə də sırf kişi cinsi kimi heç bir sağlam məqsədi olmayan, əyləncəsiz həyatında qadınlardan hobbi kimi, özünü təsdiq etmək üçün istifadə edən orta statistik Azərbaycan kişisinə sərf edir. Mən belələrini “Divan kişilər” adlandırıram. Bu kişilər rejimin bir layihəsidir. Onlar əllərində smartfon, ya da televizorun pultu divanda uzanırlar özləri üçün. Orada yeyirlər, orada içirlər, orada yaşayıb, orada da ölürlər. İçlərindəki bir ata, bir həyat yoldaşı, bir vətəndaş, bir insan elə həmin divandaca ölür. Bu gün ailəm nəylə dolanacaq? Uşağımın sabahı, ölkənin gələcəyi necə olacaq? Təlim-tərbiyə nədir və nəyə görə vacibdir? Onlar üçün belə sualların cavabı önəmli deyil. Divandan uzaqlaşmaqlarına da səbəb demək olar ki, ancaq iş, tualet, siqaret alınan dükan, çayxana, ya da “Topaz” olur. Ölmədiklərini isbat eləmək üçünsə, qadın mövzusunun olması çox vacibdir. Qadının əzilməyən, qadının azad olduğu dünya onlara mənasız və darıxdırıcı gəlir. Ona görə də onlar divandan durub arvadlarını döyürlər, qızlarına zəng edib sorğu-sual edirlər, onların yerini xırda dəqiqliyinə kimi bilmək üçün “Geo-lokasiya” göndərməklərini tələb edirlər. Qızları evə gələndə isə onları da döyürlər. Ölkədə sanki “Qızını döyməyən dizini döyər” adlı gizli bir təşkilat var və bu insanlar da oranın üzvləridirlər. Bu məqamda Stokholm sindromundan əziyyət çəkən qadınlar da ailə diktatorlarına dəstək olurlar. Yalnız “Divan kişiyə” çevrilməkdən vaxtında qurtula bilmiş kişilər gələcəkdə yaxşı həyat yoldaşlarına, yaxşı atalara çevrilə bilirlər.

Ölkədəki xanım intiharlarına cahil insanların absurd, cəfəngiyyat dolu xəstə münasibət göstərməsi bir dərddir, ziyalı hesab etdiyin, özünə demokratik dəyərlər uğrunda mübariz deyən kəslərin eyni şəkildə qeyri-sağlam münasibət göstərməsi isə bir başqa dərd. İkinci tip insanların belə hadisələrin fonunda maskaları düşür və bütün mənəviyyatsızlıqları, fahişə mahiyyətləri üzə çıxır. Belələri özlərini müasir, azadlıq tərəfdarı, ölkə və cəmiyyət üçün yaxşı işlər görmək istəyən şəxs kimi göstərsələr də, mahiyyətcə “Divan kişi”lərdən heç nə ilə fərqlənmirlər. Diktator xislətlidirlər. İntihar etmiş elinalar, sevillər öz ölümləri ilə sağlam olmayan cəmiyyətimizə üsyan etməkləri ilə yanaşı, özləri də bilmədən belə buqələmunların da ifşa olunmasına nail olurlar.

Sosial şəbəkələrdə yazırlar ki, Sevilin atası da insandır və onun da müdafiəyə ehtiyacı var. Qız isə ailəsi tərəfindən təzyiq gördüyü zaman polisə müraciət etməli imiş. Bu fikirləri gündəmə gətirib, ictimaiyyətin fikrini çaşdırmağa, onun intiharında məsuliyyətin ailəsinə, cəmiyyətə və dövlətə deyil, ancaq onun öz üzərinə düşdüyü fikirlərini soxuşdurma çalışırlar. Bəli, razıyam. Onun atasının da müdafiəyə ehtiyac var. Amma, ancaq və lakin ədalətli məhkəmə qarşısına çıxdığı zaman vəkil müdafiəsinə. Məsuliyyətə gəldikdə isə əlbəttə ki, əgər həmin qızın böyük həyata kiçik addımlar ataraq təzəcə yaşamağa başladığı zaman ailədə ona dəstək olanı, həyatı sağlam şəkildə başa salanı, ölkədə isə ailədə zorakılıqla rastlaşanda müraciət edə biləcəyi qanunlarla fəaliyyət göstərən hüquq-mühafizə orqanları, belə önəmli işlərlə məşğul olan dövlət qurumları olsaydı, o, intihar fikrindən daşınardı və bu gün soyuq məzarda deyil, aramızda olardı. Yenə ümidlə baxardı, yenə sevərdi, doya-doya yaşayardı.

Biz intihar etmiş gənclərin acı taleyindən dərs çıxarıb, pisi yaxşıdan mütləq ayırmalıyıq. Ölkədəki potensial qatilləri, balaca diktatorları tanımalı, ifşa etməli və onlara özlərini xalqa tərəqqipərvər, demokrat və s. kimi soxuşdurmalarına, elinaların, sevillərin acı talelərinin başqa gənc vətəndaşlarımızın həyatında təkrarlanmasına imkan verməməliyik. Gəlin, Elina və Sevilin timsalında valideyin laqeyidliyi, cinsi ayrı-seçkilik və zorakılıq səbəbindən intihar etmiş, öldürülmüş gənclərimizi unutmayaq və ruhlarına sayğı üçün 1 dəqiqəlik sükut edək...

Özləri həyatda çox da şad ola bilmədilər, ruhları şad olsun!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Mart 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8ag0mi

Ən çox baxılan