Diplomatik “qəlbin səsi” və ya “2025” strategiyası

Arif Məmmədovun təşəbbüsünün əhəmiyyətli nəticəsi olacaq dəstək və inkişaf tapacağı ehtimalı çox azdır, əsasən ona görə ki, cəmiyyəti böhrandan çıxmaq və yeni gələcəyin strategiyası platformasının hazırlanması üçün operativ tədbirlər görülməsini tələb edən hazırki vəziyyət daha çox narahat edir

Source:


Arif Məmmədovun təşəbbüsünün əhəmiyyətli nəticəsi olacaq dəstək və inkişaf tapacağı ehtimalı çox azdır, əsasən ona görə ki, cəmiyyəti böhrandan çıxmaq və yeni gələcəyin strategiyası platformasının hazırlanması üçün operativ tədbirlər görülməsini tələb edən hazırki vəziyyət daha çox narahat edir

Azərbaycanlı diplomat, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidə missiyasının rəhbəri Arif Məmmədovun rəsmi Bakının siyasətini pisləməsini ölkənin müasir tarixində qeyri-adi hal adlandırmaq olar.

İyunun əvvəllərində Arif Məmmədov Facebook səhifəsində mayın 19-da Bakıda 15 nəfərin həyatına son qoymuş yanğınla bağlı tənqidi status yazıb, ədalətli olaraq, məsuliyyəti yüksək vəzifəli məmurların üzərinə qoyub. Diplomatın bu açıq çıxışı hökumət dairələrində vəlvələyə səbəb olub. Bu, XİN-in diplomatın fikrinə şərik olanlardan təmizlənməsində və üsyan etmiş səfirə ləkəyaxma kampaniyasında özünü göstərib.

Bu günə qədər heç bir fəaliyyətdə olan diplomat açıq-aşkar öz hakimiyyətini tənqid etməyib və etiraz ifadə etməyib. Baxmayaraq ki, o, Azərbaycanı təmsil etmir. Buna görə Məmmədovun bu addımı ictimai müzakirələrdə onun etirazı ilə bağlı tamamilə ziddiyyətli versiyalar yaradıb.

Əsas versiyaları göstərək:

1. Vətəndaşın ölkədə idarəetmə böhranına emosional reaksiyası.

2. Qərbin Azərbaycandakı rejimə qarşı kampaniyasının iştirakçısı (20 ildir Brüsseldə işləyir).

3. Rusiyanın Azərbaycandakı rejimə qarşı kampaniyasının iştirakçısı (SSRİ-nin dağıldığı dövrdə Moskvada hərbi tərcüməçilər məktəbini bitirib).

4. Rəsmi Bakının ictimai rəyi öyrənmək və zərərsizləşdirmək məqsəd və vəzifələri daşıyan layihəsi.

Hər bir versiya məntiqli arqument və dəlillərlə alt-üst edilə bilər, amma Məmmədovun ictimai çıxışı faktı özü Azərbaycan krallığında hər şeyin yolunda olmadığını göstərir.

Diplomat Arif Məmmədov Facebookda emosional tənqidini “qəlbinin səsi” adlandırıb. Müasir Azərbaycan tarixində düşünən insanlar arasında belə səslər olub. Sonuncu qəlb səsi dramaturq Rüstəm İbrahimbəyovun 2008-ci ilin alternativsiz prezident seçkilərindən sonra Ziyalılar Forumunu formalaşdırması və problemli 2013-cü il seçkiləri dövründə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması olub. Bu səs fəaliyyət proqramına qədər böyüyüb, amma həyata keçirilməsi mümkün olmayıb, çünki İlham Əliyevin üçüncü müddət üçün seçilməsi mövzusu səsvermədən bir neçə ay əvvəl siyasi gündəlikdən çıxarılıb.

İndiki halda Məmmədovun “qəlbinin səsi” həddindən artıq tez “Azərbaycan-2025” manifestinə – onun fikrincə, on il sonra azərbaycanlıların güzəranını hazırkı Qərbi Avropa səviyyəsinə çatdırmağa imkan verəcək müəyyən strateji plana çevrilib.

Məmmədovun ən yaxşı vətənpərvər mütəfəkkirləri cəlb etmək istədiyi yeni layihə “Azərbaycan-2020. Gələcəyə baxış” adlı dövlət strateji proqramının 2012-ci ildə start götürməyə fürsət tapmadan ölkənin sistemli böhran zolağına daxil olması ilə əlaqədar müvəffəqiyyətsizliyə uğradığı zaman yaranıb. Bu, fevralda manatın devalvasiyasından sonra özünü xüsusilə aydın şəkildə göstərdi.

Məmmədovun təşəbbüsünün əhəmiyyətli nəticəsi olacaq dəstək və inkişaf tapacağı ehtimalı çox azdır, əsasən ona görə ki, cəmiyyəti böhrandan çıxmaq və yeni gələcəyin strategiyası platformasının hazırlanması üçün operativ tədbirlər görülməsini tələb edən hazırki vəziyyət daha çox narahat edir. Diplomatın çıxışlarından və tezislərindən göründüyü kimi, onda belə tədbirlər yoxdur. Bu gün Azərbaycan cəmiyyətinə müharibəsonrası Almaniyada, Çində, Sinqapurda, Cənubi Koreyada islahatların banilərinin atdığı taktiki addımlar lazımdır. Anın əhəmiyyətini Dubay əmiri Muhammed ibn Raşid əl-Məktum çox gözəl ifadə edib. O, Dubay möcüzəsi ərəfəsində deyib: İstəyirəm ki, xalqım bu gün sağlam, təhsilli, zəngin olsun, 20 il sonra deyil.


Turan Analitika Xidməti

Ana səhifəXəbərlərDiplomatik “qəlbin səsi” və ya “2025” strategiyası