Hazırda 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan dini inanclı məhbus Yusif Mirzəyevin müəssisənin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə Meydan TV-yə məlumat verən ailəsi deyir ki, epilepsiya xəstəsi olan Yusif Mirzəyev zorakılıq zamanı dəfələrlə başından xərasət alıb.
“İyunun 20-i onu Kürdəxanıdan 7 saylı “zon”a köçürüblər. Elə getdiyi günü möhkəm döyüblər, işgəncə veriblər. Dörd gün sonra vəkili onunla görüşmək üçün müəssisəyə gedib, amma görüşə buraxmayıblar. Sonra vəkil zəng vurub bildirdi ki, üç saat qapıda gözlətsələr də, görüşə buraxmayıblar. Çox güman ki, uşağa işgəncə veriblər, istəmirlər ki, mən onu görüm. Vəkilin dediyinə görə, üz-gözündə o döyülmələrin yeri qaldığı üçün görüş verməyiblər”, – deyə ailəsi bildirib.
Ailəsi baş verənlərlə bağlı Ombudsman Aparataına və Penitensiar Xidmətə müraciət etsə də, cavab ala bilmədiyini deyir.
Ailə deyir ki, Mirzəyev xəstəliyinə görə hər gün dərman atmalıdır, amma həmin dərmanları ona çatdırılmır. Onların sözlərinə görə,Yusif Mirzəyevin karantin müddəti bitsə də, hələ də “zon”a keçirilməyib:
“İyulun 5-i görüş günümüz idi. Amma görüşə icazə vermək istəmirdilər. Bizə bildirdilər ki, rəis hörmət eləyir, yəni sizə görüş verir.Yusif özü də dedi ki, onunla bərabər gələnlər artıq “zon”a çıxsalar da, onu hələ buraxmayıblar.. Amma nəyə görə çıxartmadıqlarınınsəbəbini demirlər. Sadəcə deyirlər ki, hələ karantindədir”.
Ailəsi bildirir ki, görüş zamanı Mirzəyevin üzündə və qolunda xəsarət izlərinin qaldığını görüblər.
“Qollarında qandalın kəsik yara izləri var idi. Bir ki, sol tərəf qulağında. döyülmə izlərinin elə bil göyərmə izləri qalmışdı. Sonra gözünün altında və boğazında da izləri gördük. Artıq 15 gündür, ayın 20-də döyülüb. Bir dəfə rəisin gözünün qabağında, onun otağında əlləri qandallı döyüblər. Bir dəfə də aşağı düşəndə döyüblər. Döyənlər dörd nəfər olub”, – deyə ailə Meydan TV-yə açıqlamasında qeyd edib.
Yusif Mirzəyev 2023-cü ilin aprel ayının 19-da saxlanılıb. O, əvvəlcə külli miqdarda narkotik saxlama maddəsi ilə ittiham olunub. Bir ay 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb və həmin ilin may ayından dekabr ayına qədər orada saxlanılıb.
Bundan sonra Mirzəyevin ittiham olunduğu maddə dəyişdirilib. O, Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), 234.1-1, 274 (dövlətə xəyanət), 28 (cinayətə hazırlıq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd) və 278.2-ci (dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) madddələri ilə ittiham olunur.
2025-ci ilin iyununda Yusif Mirzəyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.