"Restoran, kafe və çay evləri yalnız onlayn satış əsasında fəaliyyət göstərə bilər"
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) 31 dekabr “Yeni il” gecəsi və sonrakı günlər kütləvi tədbir keçirmək istəyənlərə xəbərdarlıq edib.
Bu barədə Meydan TV-yə açıqlama verən nazirliyin mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə bir sıra restoran, kafe və çay evlərinin bununla bağlı reklamı yayımlandığından xəbərdarlıq edilib.
Elşad Hacıyevin sözlərinə görə, xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər:
"COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Ona görə də əvvəlcədən xəbərdarlıq edirik ki, xüsusi karantin rejimində kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar”.
Azərbaycanda dekabrın 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.