DİN Sumqayıt polisindəki işgəncə iddiasını inkar edir

Foto: DİN

Şəhriyar İbrahimovun oğurluqda şübhəli bilindiyi deyilir

“Oğurluq əməlində şübhəli bilinən şəxsin iddiaları şəxsi mülahizələrdir, faktsızdır”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Meydan TV-yə bildirib ki, Şəhriyar İbrahimov barəsində cinayət işi Sumqayıt şəhərində ödəmə terminalından 7037 manat pulun talanması ilə əlaqədardır.

Onun sözlərinə görə, hadisə yerindən götürülmüş kamera görüntüləri, əməliyyat məlumatları əsasında hadisəni törədən şəxsin 1993-cü il təvəllüdlü Şəhriyar İbrahimov olduğu müəyyən edilib:

“Keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-ə gətirilib. Sumqayıt ŞPİ-in inzibati binasının qarşısında avtomobilindən düşərkən qaçmağa cəhd göstərib, müəyyən məsafə qaçdıqdan sonra yerə yıxılaraq sifət nahiyəsindən xəsarət alıb, yayınmasının qarşısı alınarkən polis əməkdaşlarına tabesiszlik göstərib”.

Nurlan Əliyev bildirib ki, Şəhriyar İbrahimov törətdiyi cinayət əməlini etiraf edib:

“O, 4 yanvar 2023-cü il tarixdə Yasamal rayonu ərazisindəki marketlərin birində içərisində quraşdırılmış “E-manat” ödəmə terminalından oğurluq cinayət əməlini törətdiyini etiraf edib, Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. Yanvarın 16-da idarənin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün barəsində İnzibati  Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib. Yanvarın 26-da həbsdən azad edilərək evinə buraxılıb”.

DİN rəsmisi cinayət işi üzrə istintaq hərəkətləri davam etdirildiyini vurğulayıb.

Şəhriyar İbrahimov

Sumqayıt sakini Cavid İbrahimov isə əksini deyir.

O, ötən gün Meydan TV-yə qardaşı Şəhriyar İbrahimovun Sumqayıt Polis İdarəsində işgəncəyə məruz qaldığını demişdi.

Onun sözlərinə görə, qardaşına yanvarın 14-də Ağcəbədi polisindən zəng edilib və və polis şöbəsinə çağırılıb.

Səbəb kimi deyilib ki, guya onun maşınıyla hadisə törədilib:

“Qardaşım yanvarın 15-də Ağcəbədi Polis İdarəsinə gedib. Məlum olub ki, maşın-hadisə söhbəti uydurmadır. Qardaşımı oradan buraxmayıblar, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları gəlib, qardaşımı təhvil alıb, aparıblar. Mən xəbər tutan kimi yanvarın 16-da Sumqayıt Şəhər Polis İdarəsinə getdim. Dedilər ki, qardaşın oğurluq edib, ona görə gətirmişik. Əlavə məlumat ala bilmədim, evə gəldim. Axşam saat 9-un yarısı olardı, qardaşım zəng vurdu, dedi ki, məni yarım saata buraxırlar, gəlirəm sizə. Gəlib çıxmadı, özüm idarəyə getdim. Dedilər ki, qardaşını çoxdan buraxmışıq, burada yoxdur. Mən də qayıdıb gəldim evə…”.

Şikayətçi iddia edirdi ki, yanvarın 16-dan 17-nə keçən gecə saat 3 radələrində qardaşı zəng vurub, polisdən buraxılmadığını deyib:

“Bilmirəm, hardan, kimdən telefon əldə edib zəng vurmuşdu. Dedim ki, bəs sən niyə gəlmədin? Dedi ki, məni buraxmadılar, səni də aldadıblar. Biləsən ki, hələ də burada saxlanılıram. Boynuma oğurluq cinayətləri qoymaq istəyirlər. Məni o qədər döyüblər ki, sidiyə qan gedirəm, tərpənə bilmirəm”.

Ana səhifəSosialDİN Sumqayıt polisindəki işgəncə iddiasını inkar edir