DİN rəsmisi fəalları hədələyir: Bu şəxslər haqda əsaslı ölçü götürüləcək

“Əgər bunlar cinayətdirsə, vətəndaşın tərəfində olmaq, polis zorakılığını qınamaq günahdırsa, mən o günahıma görə cəza çəkməyə hazıram”.

Foto: DİN


Hüquq müdafiəçisi: “Tənqiddə əqsəd axtarmaq yox, nəticə çıxartmaq vacibdir”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində baş verən olaydan sonra sabitliyi pozmaq istəyənlərin olduğunu deyib.

Ehsan Zahidov "axar.az”a baş verən hadisələrlə bağlı araşdırmaların aparıldığını bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə dövlətçiliyin və xalqın əleyhinə təxribat xarakterli məlumatlar yayan, insanları kütləvi etirazlara sövq edən şəxslərin kimliyi onlara məlumdur:

“Bu şəxslər hazırda nəzarətdədir. Biz onların əsl məqsədlərini, niyyətlərini yaxşı bilirik. Qəti olaraq bildirim ki, şəxslər haqda əsaslı ölçülər götürüləcək”.

Bu açıqlama dövlət qurumu rəsmisinin ictimai fəalları hədələməsi kimi qəbul edilə bilərmi?

Meydan TV-nin bu barədə sorğusuna cavab verən hüquq müdafiəçisi Rəsul Cəfərov müvafiq nazirliyin belə bir xəbərdarlıqla çıxış etməsini mümkün sayır:

“Məsələ ondadır ki, nazirliyin xəbərdarlığının əsası varmı? Yəni Daxili İşlər Nazirliyi onlarda hansısa məlumatların olduğunu söyləyir, bəs həmin məlumatlar əsaslıdırmı? Adətən, bu cür açıqlamaların ciddi sübutları da ortaya qoyulmalıdır. Amma ciddi informasiyaya, fakta və arqumentə söykənməyən açıqlamalar suallar doğurur. İlk sual o olur ki, bəyanat hansı məqsədlə verilib. Ağıla gələn ehtimal bəyanatın fərqli siyasi mövqedə olan şəxslərə qarşı ünvanlanmasıdır. Bir daha deyirəm, xəbərdarlığın əsasında ciddi informasiya və arqument yoxdursa, açıqlama siyasi məqsəd daşıyır. Qanunlar isə polisin siyasətlə məşğul olmasını qadağan edir”.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Rəsul Cəfərov hesab edir ki, polisin hansısa hərəkəti və fəaliyyəti tənqid olunursa, bunu normal qəbul etmək lazımdır, onda başqa məqsəd axtarmaq yox, nəticə çıxartmaq vacibdir:

“Dünyanın heç bir dövlətində ideal polis sistemi yoxdur. Azərbaycan polisi iddia edə bilməz ki, onlar ideal fəaliyyət göstərir. Ona görə də vətəndaşların onları tənqid etmək hüququ var, daha düzgünü odur ki, DİN rəhbərliyi tənqidlərdən nəticə çıxartsın, obyektiv araşdırma aparıb qanunu pozan əməkdaşları cəzalandırsın”.

NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə Ehsan Zahidovun açıqlamasını “danışan dilləri susdurmaq istəyirlər”,- deyə şərh edib.

“Əgər məsələ həbsdirsə, mən öz adıma hazıram! Zəng edin, gəlim, həbs edin”, – İlkin Rüstəmzadə belə deyib.

Onun fikrincə, hakimiyyətin bu cür yanaşması qarşıdurmaya gedir:

Ilkin 2.jpg
İlkin Rüstəmzadə

“Və bunu fəallar yox, polis edir. Bu gün təhdid etdiyiniz fəalların heç biri zorakılığa, qarşıdurmaya çağırış etməyib. Zorakılığı, qarşıdurmanı özünü işğalçı kimi aparan dövlət edir. Bu gün, sabah divara qısnadığınız xalq kükrəyəndə, sağ qalmaq üçün bu gün təhdid etdiyiniz, söydürdüyünüz fəallar zorakılığın, qisasçılığın qarşısını alacaq son buferdir. Sökün atın bu buferi, bizim də canımız qurtarsın, sizin də. Xalqla özünüz seçdiyiniz əlbəyaxa davada döyüşmək üçün belə həvəslisizsə, sizə heç kim mane olmayacaq!”

İctimai fəal Bəxtiyar Hacıyev isə sözügedən açıqlama ilə bağlı Prezident İlham Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə öz “Facebook” hesabı vasitəsilə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Bu gün Milli Məclisin insan hüquqları komitəsinin üzvü bir deputat polislə vətəndaşlar arasında yaranmış insidenti mənim üzərimə atmağa çalışıb, xarici xüsusi xidmət orqanlarına bağlamağa çalışıb, hakimiyyətə yaxın mediada prosesi mənim təxribatım kimi təqdim edib, DİN sözçüsü Ehsan Zahidov müəllim də bənzər fikirləri səsləndirərək, ölçü götürəcəyi ilə bağlı hədələyib.

Bildirirəm ki, nə mən polisə zibil atmışam, nə polisin vətəndaşların evinə girib, evdəki qadınları telefona çəkmək əmri vermişəm, nə qadın vətəndaşa "dovşansan, ərin də dovşandır" təhqiri etməsini tapşırmışam, nə Yasamala Çevik Polis Alayı göndərmişəm, nə qapıya çıxan vətəndaşın boynunu burub, dəyənəklə və təpiklə döymüşəm.

Fəal vətəndaş kimi polis əməkdaşlarının vətəndaşlara qarşı həddindən artıq şiddət, nifrət, qisasçılıq hissi ilə zorakılıq edib, qanunları pozmasını görmüşəm və bu barədə ardıcıl yazmışam, tənqid etmişəm, vətəndaşların hüquqlarının qorunmasına, belə gərgin vaxtda polisin mədəni davranmasının zəruriliyinə çağırış etmişəm, sizə yaranmış böhrandan normal çıxış yolunu təklif etmişəm.

Untitled design.png
Bəxtiyar Hacıyev

Əgər bunlar cinayətdirsə, vətəndaşın tərəfində olmaq, polis zorakılığını qınamaq günahdırsa, mən o günahıma görə cəza çəkməyə hazıram. Dəvət edin, ya da gəlin, aparın, istənilən sualınıza cavab verim, yazdıqlarımı əsaslandırım, öz ölkəmin vətəndaşlarından başqa bir qüvvəyə, xüsusi ilə də xarici xüsusi xidmət orqanlarına bağlı olmadığımı sübut edim”.

Bəxtiyar Hacıyev deyib ki, vətəndaşların hüquqlarını qorumaq onun üçün fəxrdir:

“Bunu əslində siz etməli idiniz bu 3 gündə. Və bu yolda həbs olunmaq da şərəf olar. Sizi tənqid edən güzgünü sındırmaqdansa, güzgüdə göstərilən mənzərəni analiz edib, problemləri həll etmək daha ağıllı addım olardı. Cəza düşünürsünüzsə, problem yoxdur, gəlim, cəzalandırın”.

İyunun 8-də səhər saat 7 radələrində Çevik Polis Alayı Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yaşayş binasında əməliyyat keçirib və 11 sakin yatağından qaldırılaraq aparılıb. Əməliyyata səbəb kimi iyunun 7-də sakinlərin polisin vətəndaşlara qarşı sərt davranışına etiraz əlaməti olaraq eyvanlardan zibil tullaması göstərilib.

Hadisə ictimaiyyətdı geniş ajiotaj yaradıb və sosial şəbəkələrdə polisin əməliyyatı sərt qınağa səbəb olub.

Ana səhifəSiyasətDİN rəsmisi fəalları hədələyir: Bu şəxslər haqda əsaslı ölçü götürüləcək