Ehsan Zahidov: “Polis profilaktik söhbətlər aparıb”
“Müsəlman Birliyi Hərəkatının üzvü Mail Kərimovun və Süleyman Ələkbərovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması haqda mayın 23-də səsləndirdiyi iddialar tamamilə əsassız və yalandır”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-nin sorğusuna cavabında deyib.
E.Zahidovun sözlərinə görə, bir qrup şəxs zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb:
“Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Ancaq Mail Kərimovla Süleyman Əlkəbərov polisin qanuni tələblərinə riayət etməyib və asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər”.
E.Zahidov deyir ki, dünyanın inkişaf etmiş, demokratik ölkəsində də polis belə halda mütləq silaha əl atır: “Müqavimət göstərən şəxsi sərt qaydada zərərsizləşdirərək barəsində ağır cəza tətbiq edir. Lakin bizim polis əməkdaşları hər iki şəxsi ərazi üzrə olan polis bölməsinə gətiriblər. Orada onlarla profilaktik söhbətlər aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar”.
“Onlar polis bölməsindən çıxdıqdan sonra guya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqlarını, orada döyüldüklərini tirajlayıblar. Adi inzibati qayda pozan şəxs nəinki həmin gün, ümumiyyətlə qeyd olunan baş idarəyə aparılmır. Çünki adından göründüyü kimi qurum hansısa inzibati xəta törədənlərlə deyil, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə məşğuldur”, – Zahidov belə deyib.
Nazirlik rəsmisi hər iki şəxsin döyülmələri və təhqir edilmələri barəsində söylədiklərini tamamilə yalan və uydurma sayır:
“Çox təəssüflənirik ki, Mail Kərimovun və Süleyman Ələkbərovun yalanlarına, polisə şər-böhtan atmalarına özlərini hüquq müdafiəçiləri adlandıran bəzi “hüquqşünas”lar da ortaq olublar. Mətbuat konfransı keçirərək media təmsilçilərini də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları yaymaq hüquqi məsuliyyət yaradır”.
Mayın 23-də Müdafiə Xətti” insan haqları təşkilatı Müsəlman Birliyi Hərəkatının üzvü Mail Kərimovun və Süleyman Ələkbərovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması ilə bağlı brifinq keçirib.
Hərəkat üzvləri Razi Hümbətova narkotik 6 il hökm oxunan məhkəmənin önündə saxlanıldıqlarını bildiriblər.
Onlar 22-ci polis bölməsinə gətirildiklərini, sonra DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq işgəncələrə məruz qaldıqlarını deyiblər.
Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov brifinqdən əvvəl Sabunçu Rayon Polis İdarəsinə çağırılıb.
Ondan işgəncə iddiaları bağlı üzvlərin şikayət ərizəsi yazmağı istənilib.
O, hadisənin araşdırılacağına, başqa işlər kimi nəticəsiz qalmayacağına ümid edirdi.